Dar günün adamları...
"Qarabağ" yaxşı günlərini yaşamır. Ağdam təmsilçisi ötən yay 12 mövsümlük aradan sonra ilk dəfə avrokuboklardan kənarda qaldı.
Premyer Liqada da işlər yolunda getmir.
Komanda 12 turdan sonra turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
6-cı pillədən cəmi 2 xal öndədir.
Ardıcıl 5 oyundur qələbə qazana bilmir, son dörd qarşılaşmada isə rəqib qapısına yol tapa bilmir.
Açığı, alışmadığımız mənzərədir. Ötən mövsüm Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparan komandanın cəmi bir il sonra belə bir aqibətlə üzləşməsi inandırıcı görünmür. Amma futbolun öz reallığı var. Bu gün "Qarabağ" çətin günlər yaşayır.
Ağdam klubunun sadiq azarkeşləri isə belə gündə də komandanın yanındadır. "Kəpəz"lə səfər oyununda bunun əyani şahidi olduq.
Uzaq səfərə yollanan "İmarət Tayfa"nın mindən artıq üzvü tribunada yer almışdı.
Onlar 15 min çılğın gəncəli azarkeşin önündə 90 dəqiqə ərzində öz varlıqlarını hiss etdirdilər.
Hələ isinmə hərəkətləri zamanı qonaq azarkeşlərin bir anda "Qarabağ" hayqırtısı gəncəli fanatların da diqqətini çəkdi.
Qısa müddət sonra fit səsləri ilə onları susdurmağa çalışsalar da, "İmarət" 90 dəqiqə boyunca susmadı.
Oyun öncəsi Qurban Qurbanovun adını səsləyərək təcrübəli mütəxəssisə dəstək oldular. Baş məşqçi də yerindən qalxaraq alqışlarla azarkeşlərə qarşılıq verdi.
Matçın bəzi hissələrində "Qarabağ"ı tanımaq belə çətin idi. "Kəpəz" daha dominant görünür, meydanda üstün tərəf idi.
Amma tribunadakı sadiq azarkeşlər müxtəlif şüarlarla sevimli komandalarını ayağa qaldırmağa, futbolçulara özlərinə gəlmələri üçün stimul verməyə çalışırdılar.
Final fitindən sonra isə heç kimin üzündə təbəssüm yox idi. Nəticə üzücü idi.
Sonuncu dəfə nə vaxt ardıcıl 4 oyunda "Qarabağ" azarkeşlərinin qol sevinci yaşamadığını xatırlamıram.
Belə vəziyyətdə səbir göstərmək, məyusluğa qapılmadan komandanın arxasında dayanmaq asan deyil. Amma "İmarət" üzvləri bunu da bacardılar.
Final fitindən sonra futbolçuları yanlarına çağırdılar. Uzun müddət alqışladılar, onlara dəstək oldular, motivasiya verdilər. Nə məğlubiyyət, nə də uğursuz seriya onları komandalarından uzaqlaşdıra bildi.
Yaxşı azarkeş təkcə qələbə günündə sevinən deyil. Əsl azarkeş komandanın ən çox dəstəyə ehtiyac duyduğu vaxtda yanında olandır.
"İmarət Tayfa" Gəncədə bunu əyani göstərdi.
XANOĞLAN/ SPORTİNFO.AZ