İspaniyanın "Atletiko" futbol klubunun yarımmüdafiəçisi Aleks Baena ölkə çempionatında uğurlu çıxışına baxmayaraq, UEFA Çempionlar Liqasında Madrid təmsilçisinin heyətində ilk qolunu vurmağa çalışır.
İdman.Biz "AS" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu cari mövsümdə La Liqada altı qolla komandasının ən yaxşı bombardiridir.
Baena cərimə meydançasının kənarından vurulan qolların sayına görə də İspaniya çempionatının lideridir. O, dörd belə qolla Lamin Yamalı və Marianonu geridə qoyur.
Yarımmüdafiəçi Çempionlar Liqasının cari mövsümündə keçirilən dörd qarşılaşmanın hamısına start heyətində başlayıb. Lakin qol vura bilməyən futbolçu yalnız "Mançester Yunayted"lə görüşdə məhsuldar ötürmə ilə yadda qalıb.
Ötən mövsüm də Baena Çempionlar Liqasında keçirdiyi 13 qarşılaşmada nə qol vurub, nə də məhsuldar ötürmə edib.
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone isə futbolçunun inkişafından razı olduğunu və Antuan Qrizmannın gedişindən sonra onun məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.
Baena Çempionlar Liqasında qol həsrətinə əsas mərhələnin beşinci turunda Norveçin "Vikinq" klubu ilə keçiriləcək qarşılaşmada son qoymaq imkanı qazanacaq.