İspaniyanın "Barselona" futbol klubunun hücumçusu Lamin Yamal İngiltərənin "Mançester Siti" komandasının müdafiəçisi Niko O"Raylini Kataloniya təmsilçisinin heyətində görmək istəyir.
İdman.Biz "El Nacional"a istinadən xəbər verir ki, İspaniya klubu son dövrlərdə əhəmiyyətli irəliləyişə nail olan futbolçunun çıxışını diqqətlə izləyir.
Məlumata görə, O"Raylinin oyun keyfiyyətləri "Barselona"nın baş məşqçisi Hansi Flikin taktiki sisteminə uyğun gəlir. İngiltərəli futbolçu sol cinah müdafiəçisi mövqeyindən başqa, yarımmüdafiədə, o cümlədən hücumameyilli mövqelərdə də çıxış edə bilir.
Lakin "Mançester Siti"nin mövqeyi transferin reallaşması qarşısında ciddi maneəyə çevrilə bilər. İngiltərə klubu futbolçunu uzunmüddətli layihəsinin mühüm simalarından biri hesab edir.
O"Raylinin "Mançester Siti" ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununda başa çatacaq.
Qeyd edək ki, "Transfermarkt" portalı 21 yaşlı futbolçunun bazar dəyərini 70 milyon avro (130,2 milyon AZN) məbləğində qiymətləndirib.