Şahruddin Məhəmmədəliyevin milli komandanın Lixtenşteynlə oyunu öncəsi baş verənlərlə bağlı açıqlaması geniş rezonans doğurmuşdu.
Qapıçı bildirmişdi ki, qarşılaşmadan əvvəl komandaya reqlamentlə bağlı məlumat verilməyib.
Onun sözlərinə görə, futbolçular Lixtenşteynlə görüşdə ikinci qolu vuracaqları təqdirdə D Liqasının ən yaxşı komandası olmaq və Malta ilə müqayisədə üstünlük qazanmaq imkanından xəbərsiz olublar.
Məsələyə aydınlıq gətirmək üçün Gəncədə keçirilən "Kəpəz" – "Qarabağ" oyunundan sonra Şahruddin Məhəmmədəliyevə yaxınlaşaraq müsahibə almaq istədim.
Lakin qolkiper müsahibə vermək istəmədiyini bildirdi və xahiş etdi ki, onu üzrlü hesab edim.
Təbii ki, Şahruddin onunla məhz hansı mövzuda danışmaq istədiyimi bilirdi.
Ciddi israr etməyimə baxmayaraq, rəsmi açıqlama verməkdən imtina etdi.
Bununla belə, qeyri-rəsmi söhbət zamanı ondan səsləndirdiyi fikirlərə aydınlıq gətirməsini istədim. Məqsədim onun həqiqətən də bu məzmunda danışıb-danışmadığını, yoxsa fikirlərinin yanlış anlaşıldığını öyrənmək idi.
Şahruddin isə qısaca olaraq fikirlərinin düzgün anlaşılmadığını vurğuladı:
"Əlbəttə, əlbəttə, əlbəttə, mənim fikirlərim düzgün anlaşılmayıb. Mən o şəkildə açıqlama vermək istəməmişəm".
XANOĞLAN/ SPORTİNFO.AZ