Nigeriyada Azərbaycanın milli idman növü olan çövkən üzrə ölkə çempionatı təşkil olunub.
İdman.Biz xəbər verir ki, üç gün davam edən yarışda dörd komanda - "NSK Farms", YBL, "Western Ponies" və "60 Yards" çempionluq uğrunda mübarizə aparıb.
Çempionatın yekun nəticələrinə əsasən, "NSK Farms" komandası Nigeriya çempionu adını qazanıb. YBL ikinci, "Western Ponies" üçüncü, "60 Yards" isə dördüncü yeri tutub.
Mükafatlandırma mərasimində Beynəlxalq Çövkən Federasiyasının baş katibi Maçey Mixal Olbrix və icraçı direktoru Fərid Eyvazov iştirak edərək qalib komandalara mükafatları təqdim ediblər.
Qeyd edək ki, Nigeriyada keçirilən çempionatın əsas məqsədi çövkənin ölkədə inkişafına, yerli komandaların təcrübə qazanmasına və bu ənənəvi atüstü idman növünə marağın artırılmasına töhfə verməkdir.