"Sabah"ın polşalı müdafiəçisi Timoteuş Puxaç UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Barselona"ya qarşı keçirilən matç (1:4) barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, futbolçu "Canal+ Sport" telekanalına müsahibəsində Bakı təmsilçisinin daha böyük hesabla məğlub ola biləcəyini etiraf edib:
"Bizimlə kifayət qədər amansız davrandılar. Bu, indiyədək qarşılaşdığımız ən güclü komandadır. Düşünürəm ki, hətta yaxşı qurtardıq. Onlar çox rahat oynayırdılar, inanılmaz futbolçuları var. Bu, klassik "Barselona" oyunu idi. Elə düşünürsən ki, hər şey az-çox qaydasındadır, müdafiədə nizam-intizam var, amma birdən-birə bir zərbə, ardınca ikincisi, üçüncüsü gəlir. Hətta onların zərbələrinin haradan gəldiyini belə anlamırsan".
Polşa millisinin üzvü bildirib ki, qarşılaşma davam etdikcə "Sabah" futbolçuları üçün oyunun intensivliyini qorumaq, müdafiəyə qayıtmaq və meydanın mərkəzini bağlamaq getdikcə çətinləşib. O, həmçinin matçın əvvəlində yaranan qol imkanlarından yararlana bilmədiklərinə görə təəssüfləndiyini bildirib.
Puxach kataloniyalıların hücumçusu Kərim Adeyemiyə qarşı mübarizədən də danışıb:
"Qollardan birində o, məndən uzaqlaşdı. Belə vəziyyətdə nəyisə dəyişmək çətindir: top qapı qarşısından keçir və ya öz qapına qol vurursan, ya da rəqib fərqlənir. Bəzi epizodlarda onun yanında olurdum və çox şey etməsinə imkan vermirdim. Amma bir neçə dəfə məndən aralanmağı bacardı və bu da təhlükəli vəziyyətlərə, qollara səbəb oldu. Bu, dünya səviyyəsidir".
Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin püşkatmasından sonra Puxach ən çox "Barselona" ilə qarşılaşmanı və Lamin Yamal ilə üz-üzə gəlməyi səbirsizliklə gözlədiyini açıqlamışdı. Lakin ispaniyalı futbolçu Bakıya gəlməyib. Onun yoxluğunda Kərim Adeyemi meydanda uğurlu çıxışı ilə diqqət çəkib.
Beş turdan sonra üç xalı olan "Sabah" turnir cədvəlinin 33-cü pilləsində qərarlaşıb. Bakı klubu növbəti oyununu dekabrın 8-də səfərdə İspaniyanın "Vilyarreal" komandasına qarşı keçirəcək.