"Sabah"ın futbolçusu Rəhman Daşdəmirov UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda "Barselona"ya (1:4) qarşı keçirdikləri oyunu dəyərləndirib.
İdman.Biz xəbər verir ki, futbolçu bu barədə matçdan sonra jurnalistlərə açıqlamasında danışıb.
O, ilk hissədə komandanın yaxşı çıxış etdiyini, ikinci hissənin əvvəlində buraxılan qolun isə oyunun gedişinə təsir göstərdiyini bildirib:
"Stadiona gələn azarkeşlərə təşəkkür etmək istəyirəm. Möhtəşəm atmosfer var idi. Düzdür, qarşımızdakı rəqib bəlli idi. İlk hissədə yaxşı çıxış etdik. İkinci hissənin başlanğıcında adi səhvdən qol buraxdıq. Bunu gözləmirdik. Rəqibin xırda səhvlərdən necə istifadə etdiyini bilirik. Onlar bu imkanlardan maksimum yararlana bilirlər. Belə olmasını istəməzdik.
Fikrimcə, yaxşı çıxış etdik. İlk hissə, əsasən, ən yaxşı oyunumuz oldu. Yenə deyirəm, qarşımızdakı rəqib "Barselona"dır. Onlar xırda səhvlərdən maksimum istifadə edə bilirlər".
Daşdəmirov qarşılaşmanın özü üçün yaddaqalan təcrübə olduğunu da vurğulayıb:
"Şəxsən özümdə həyəcan yox idi. Yaddaqalan oyun oldu. İnşallah, qarşıdakı oyunlara hazırlaşıb maksimum nəticə qazanmağa çalışacağıq".
"Sabah" növbəti turda dekabrın 8-də səfərdə İspaniyanın "Vilyareal" komandası ilə qarşılaşacaq. Bakı təmsilçisi üç xalla turnir cədvəlinin 33-cü pilləsində qərarlaşıb. "Barselona" isə 12 xalla dördüncü sıradadır.
Qeyd edək ki, "Sabah" ilk turda səfərdə İngiltərənin "Mançester Yunayted" komandasına 0:4 hesabı ilə uduzub. İkinci turda Çexiyanın "Slaviya" (Praqa) komandasını 2:0 hesabı ilə məğlub edib. Üçüncü turda isə Almaniyanın "Borussiya" (Dortmund) komandasına 1:2, dördüncü turda Norveçin "Vikinq" klubuna 1:4 hesabı ilə yenilib.