Meksikanın "Arandas" futbol komandasının 26 yaşlı oyunçusu Luis Alberto Rios Çaves qətlə yetirilib.
İdman.Biz xəbər verir ki, faciə 22 noyabrda Meksikanın Quanaxuato ştatının İrapuato şəhərində, Las-Delisias məhəlləsində yerləşən "Estrella" futbol meydançasında baş verib.

Silahlı şəxslərin hücumu nəticəsində futbolçu aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə zamanı daha bir nəfər yaralanıb. Onun səhhəti barədə ətraflı məlumat verilmir.
Dostları və komanda yoldaşları arasında "El More" ləqəbi ilə tanınan Çaves uşaqlıq illərindən futbolla məşğul olub. O, müxtəlif həvəskar komandalarda, eləcə də Meksikanın üçüncü divizionunda çıxış edib.
Futbolçu "Arandas" komandasında çıxış etməklə yanaşı, "Loros" futbol akademiyasında müəllim kimi də fəaliyyət göstərib.
Qətlin motivi barədə məlumat açıqlanmayıb.