"Qarabağ"ın müdafiəçisi Cebrail Makreçkisin futbolinfo.az saytına müsahibəsi
– "Kəpəz"lə 0:0 hesablı heç-heçəni özünüz üçün uğursuz nəticə hesab edirsən?
– Əlbəttə. Bu, bizim üçün pis nəticədir. Çünki daha güclü komandayıq və çempionatda hər oyunda qələbə qazanmalıyıq.
– Ümumiyyətlə, komanda qol epizodları yaradır, lakin bəzən onlardan yararlana bilmir, bəzən isə rəqibə daha çox boşluq verir. Səncə, bunun səbəbi heyətin hələ də tam uyğunlaşmamasıdır?
– Bu da futbolun bir hissəsidir. Bəzən yaratdığın bütün qol imkanlarından istifadə edirsən, bəzən isə bəxtin gətirmir. Bir-birimizi yaxşı başa düşürük. Əlbəttə, komandada çoxlu yeni futbolçu var. Amma hələ heç nə bitməyib. Çalışırıq, məşqlərimizi davam etdirir və diqqətimizi qarşıdakı oyunlara yönəldirik.
– "Kəpəz" doğma meydanda, dolu stadionda oynadı. Azarkeş dəstəyi möhtəşəm idi. Bu amil nəticəyə təsir göstərdimi?
– Şəxsən mən rəqib komandanın azarkeşləri önündə oynamağı xoşlayıram. Onların bizi dəstəkləməsinin və ya bizə qarşı olmasının fərqi yoxdur. Belə möhtəşəm atmosfer həmişə futbolçuya əlavə motivasiya verir.
– Səncə, "Qarabağ" mövcud vəziyyəti necə dəyişə biləcək? Artıq 5 oyundur qələbə qazanmırsınız, 5 matçdır qol vura bilmirsiniz. Bu durumdan çıxmaq mümkün olacaq? Çünki "Qarabağ" həmişə dominant və iddialı komanda olub.
– Bəli, əlbəttə. Futbol belədir, hər zaman qələbə qazanmaq mümkün deyil. Çətin dövrlər bizi daha da gücləndirir və bu vəziyyətdən çıxacağıq. Sənin nə demək istədiyini başa düşürəm. Amma belə hallar baş verə bilər. Bu, mənim üçün də ilk dəfədir. Dünyanın ən yaxşı komandalarının da başına belə şeylər gələ bilər. Buna görə də mövcud vəziyyətdən çıxmaq üçün çalışmalıyıq.
– Özünü "Qarabağ"da necə hiss edirsən? İstədiyin oyunu sərgiləyə bilirsən?
– Özümü yaxşı hiss edirəm. Daha da yaxşı olmaq üçün çalışıram. Komandaya yeni qoşulmuşam və hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.
– Növbəti oyununuz "Sumqayıt"a qarşı olacaq. Qələbə qazana biləcəksiniz?
– Əlbəttə, qələbə qazanmalıyıq.
CAVAD