Fransa təmsilçisi PSJ qış transfer pəncərəsində İspaniya nəhəngi "Real Madrid"in hücumçusu Vinisius Junioru heyətinə qatmağı planlaşdırmır.
Sportify.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano DAZN-a açıqlamasında məlumat verib.
Paris klubu hücum xəttindəki ciddi itkilərə görə yeni futbolçu axtarışındadır. Komandanın fransalı vingeri Dezire Due "Nitsa" ilə matçda sağ dizinin ön çarpaz bağını zədələyib. Gürcüstanlı Xviça Kvaratsxeliya da dizindən aldığı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Bu itkilərdən sonra Vinisius Juniorun adı PSJ ilə hallandırılsa da, Fransa klubu braziliyalı futbolçunu transfer etməkdə maraqlı deyil. Parislilər hücum xəttini gücləndirmək üçün daha gənc, inkişaf potensialı yüksək olan oyunçu axtarırlar.
Romano mümkün keçidlə bağlı yayılan xəbərlərə aydınlıq gətirərək, "Bu qış Vinisiusla PSJ arasında heç bir razılaşma olmayacaq", – deyib.
Qeyd edək ki, Vinisius "Real Madrid"də son dövrlər tənqidlərə məruz qalsa da, son beynəlxalq fasilədə Braziliya millisinin heyətində iki yoxlama oyununda 5 qol vurub.