“Mövsümün əvvəlindən azarkeş dəstəyinə öyrəşmişik. Hər ev oyunumuzu ən azı 13 min nəfər izləyir. “Qarabağ”la qarşılaşmada isə mövsümün tamaşaçı rekordu qeydə alındı. Azarkeşlər möhtəşəm atmosfer yaratmışdılar. Onların dəstəyi hər oyunda bizə əlavə güc verir. Ən sevindirici məqam isə ailələrin, xanımların, yaşlıların – ümumiyyətlə, cəmiyyətin müxtəlif təbəqələrindən insanların stadiona gələrək komandamıza dəstək olmasıdır”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in kapitanı Əli Səmədov deyib.
29 yaşlı yarımmüdafiəçi evdə “Qarabağ”la qolsuz heç-heçə etdikləri görüşü də dəyərləndirib: “Oyuna üç xal qazanmaq məqsədilə çıxmışdıq. İlk hissədə daha yaxşı təsir bağışladıq və çoxsaylı qol imkanları yaratdıq. Lakin ikinci yarıda “Qarabağ” daha üstün oyun nümayiş etdirdi. Hücumlarımızın qolla nəticələnməməsində müəyyən qədər bəxtsizlik amili də rol oynadı. Düşünürəm ki, qarşılaşmanın ədalətli nəticəsi heç-heçə idi və yekunda belə də oldu. Hər iki komanda yaxşı mübarizə apardı”.
Səmədov Premyer Liqada 100-cü oyununu keçirməsindən də danışıb: “Doğma azarkeşlərimizin önündə 100-cü oyunumu keçirmək mənim üçün xüsusi və xoş oldu. İnşallah, bununla kifayətlənməyib daha çox oyun keçirmək istəyirəm. Ancaq ilk növbədə komanda qarşısında duran hədəflər var və onları reallaşdırmalıyıq. Mövsümü mümkün qədər yüksək pillədə başa vurmağa çalışırıq. Ən azı hazırda turnir cədvəlində tutduğumuz mövqeyi qorumaq istəyirik. Komanda uğurlu çıxış etdikcə, biz futbolçular da daha yaxşı oluruq”.
GÜNAY SÜLEYMANOVA