Mərakeş və Kolumbiya yığmaları arasında balacaboy futbolçuların dünya çempionatında kütləvi dava baş verib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Final fitindən sonra başlayan mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib. Mərakeş millisinin futbolçuları kolumbiyalıların heç-heçəni qeyd etməsindən narazı qalıblar. Nəticədə tərəfləri ayırmaq üçün polis müdaxilə etməli olub.
Balacaboy futbolçular arasında dünya çempionatı tarixdə cəmi ikinci dəfə təşkil olunur. Turnirin son qalibi Argentina yığmasıdır.
Reqlamentə əsasən, yarışda boyu 140 santimetrdən çox olmayan futbolçular iştirak edə bilər. Hər komandaya boyu 149 santimetrədək olan daha iki oyunçunu da sifariş ərizəsinə daxil etməyə icazə verilir.
2026-cı il dünya çempionatı Mərakeşin paytaxtı Rabatda keçirilir və 12 ölkənin yığması mübarizə aparır. Qarşılaşmalar mini-futbol meydançasında 7X7 formatında, hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarətdir.
İlk mundial 2023-cü il noyabrın 7-dən 10-dək Buenos-Ayresdə təşkil olunub. Həmin yarışın finalında Paraqvayı 3:1 hesabı ilə məğlub edən Argentina çempion olub.