"Mançester Yunayted"dən ayrılan Maykl Karrik karyerasını İngiltərənin başqa klubunda davam etdirə bilər.
İdman.Biz "Indykaila News"a istinadən xəbər verir ki, "Vest Hem" rəhbərliyi 44 yaşlı mütəxəssisi baş məşqçi vəzifəsinə namizədlərdən biri kimi nəzərdən keçirir.
London klubu hazırkı çalışdırıcı Skott Parkerin rəhbərliyi altında nəticələrin pisləşəcəyi təqdirdə Karrikin təyinatı variantına müraciət edə bilər.
Noyabrın 4-də portuqaliyalı Nunu Eşpiritu Santunu əvəzləyən Parker ilk iki oyunda qələbə qazana bilməyib. "Vest Hem" "Kardiff"lə 3:3 hesablı heç-heçə edib, "Blekbern"ə isə 1:2 hesabı ilə məğlub olub.
Ötən mövsüm Premyer Liqanı tərk edən London təmsilçisi hazırda Çempionşipdə doqquzuncu pillədə qərarlaşıb. Komanda birbaşa Premyer Liqaya yüksəlmək imkanı verən zonadan altı xal geri qalır.
Qeyd edək ki, Maykl Karrik noyabrın 12-də "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən ayrılıb.