"Mançester Yunayted" İtaliyanın "Komo" klubunda çıxış edən Nikolas Pasın transferi ilə bağlı planlarını yenidən nəzərdən keçirir.
İdman.Biz "The Sun" nəşrinə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 22 yaşlı argentinalı yarımmüdafiəçini 2027-ci ilin yay transfer pəncərəsində heyətinə qatmaq imkanlarını araşdırır. Klub futbolçunu Bruno Fernandeşin mümkün əvəzləyicilərindən biri kimi nəzərdən keçirir.
Mançester təmsilçisi Pası hələ Çempionlar Liqasında "Komo"ya 1:4 hesabı ilə məğlub olduğu görüşdən əvvəl izləməyə başlayıb. Həmin qarşılaşmada argentinalı futbolçu iki qol və bir məhsuldar ötürmə ilə fərqlənib.
Bu mövsüm 14 oyunda altı qol və səkkiz məhsuldar ötürmə müəllifi olan Pasın transferində əsas maneə "Real Madrid" ola bilər. İspaniya nəhəngi 2024-cü ildə "Komo"ya satdığı futbolçunu geri qaytarmaq hüququnu saxlayıb. Madrid klubu gələn yay 67 milyon funt sterlinq (təxminən 150,7 milyon manat) ödəməklə bu hüquqdan istifadə edə bilər.
Məlumata görə, Pas ötən yay "Real Madrid"ə qayıtmaq imkanından imtina edib. Həmin vaxt İspaniya klubunun geri satınalma hüququnun dəyəri cəmi 7,5 milyon funt sterlinq olub.
"Mançester Yunayted"in argentinalı futbolçuya marağı Bruno Fernandeşin gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda artır. Portuqaliyalı yarımmüdafiəçinin müqaviləsinin müddəti mövsümün sonunda başa çatır. Klub sözləşməni daha bir il uzatmaq hüququna malik olsa da, futbolçunun yayda komandadan ayrılması istisna edilmir.
Qeyd edək ki, Pas hücumameyilli yarımmüdafiəçi mövqeyi ilə yanaşı, sağ cinahda da çıxış edə bilir.