"Riqa" klubu Latviya Futbol Federasiyasının (LFF) qərarı ilə 6 822 avro (təxminən 11 600 manat) cərimələnib, növbəti mövsümə isə 3 xal itki ilə başlayacaq.
İdman.Biz xəbər verir ki, buna səbəb paytaxt təmsilçisinin çempionatın son turunda RFS ilə oyuna çıxmaqdan imtina etməsidir.
"Riqa" noyabrın 8-də keçirilməli olan qarşılaşmadan bir gün əvvəl meydançaya çıxmayacağını açıqlayıb. Klub qərarını mövsüm ərzində hakimlərin rəqibin xeyrinə, özlərinin isə əleyhinə çoxsaylı səhvlərə yol verməsi ilə əsaslandırıb. Paytaxt təmsilçisinin fikrincə, bu qərarlar çempionatın yekun turnir cədvəlinə də təsir göstərib.
Klub həmçinin federasiyaya hakimliklə bağlı dəfələrlə şifahi və yazılı müraciətlər etdiyini, digər komandaların da bu vəziyyətdən narazı qaldığını bildirib. "Riqa"nın mövqeyinə görə, son turda meydana çıxmaq ədalətsiz hesab etdiyi yarış sistemini dəstəkləmək olardı.
Qeyd edək ki, son tur ərəfəsində "Riqa" çempion RFS-dən 6 xal geri qalırdı və ikinci yeri təmin etmişdi. Bu səbəbdən klub qarşılaşmanın turnir baxımından əhəmiyyət daşımadığını da vurğulayıb.
Cərimənin 3 822 avrosu (təxminən 6 500 manat) ləğv edilən oyunun televiziya yayımı, oyun məlumatları və canlı yayımın təşkili ilə bağlı yaranan birbaşa xərclərin qarşılanmasına yönəldiləcək.
Beləliklə, "Riqa" 2027-ci il mövsümünə mənfi 3 xalla başlayacaq. Klubun federasiyanın qərarından şikayət vermək hüququ var.