Türkiyə klubu "Beşiktaş"ın futbolçularını daşıyan təyyarə Avropa Liqasının V turunda "Hapoel" (Beer-Şeva) ilə keçiriləcək oyun üçün Gürcüstana səfər edərkən Batumi hava limanına enə bilməyib.
Sportify.az "Haber 7" nəşrinə istinadla xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən təyyarənin Batumidə enişi mümkün olmayıb. Bundan əlavə, uçuş zamanı təyyarəyə ildırım düşdüyü və bunun güclü turbulensiyaya səbəb olduğu bildirilib.
Nəticədə təyyarə Türkiyənin Rizə şəhərinə məcburi eniş edib. "Beşiktaş"ın nümayəndələri komandanın Batumiyə avtobusla yollanacağını açıqlayıblar. Hadisə ilə əlaqədar baş məşqçi Vinçenso İtalyanonun oyunöncəsi mətbuat konfransı da ləğv edilib.
Qeyd edək ki, "Hapoel"lə qarşılaşma "Beşiktaş" üçün nominal olaraq ev oyunu hesab olunur. Lakin İsrail klublarının iştirakı ilə Türkiyədə oyunların keçirilməsinə qoyulan qadağa səbəbindən görüş İstanbuldan Batumiyə köçürülüb. Matç noyabrın 26-da keçiriləcək.