Təsəvvür edin, bir ailənin xarici dil bilməyən, görünüşü elə də cəlbedici olmayan, özünü ifadə etməkdə çətinlik çəkən doğma övladı var.
Valideynlər onu hər dəfə evdə saxlayır, qonaqlıqlara, tədbirlərə, məclislərə internetdən tapdıqları yaraşıqlı, rus və ingilis dillərində danışan, ali təhsilli ögey övladı aparırlar.
Ata və ana doğma övladın çatışmazlıqlarını aradan qaldırmaq üçün nə pul xərcləmək, nə də vaxt ayırmaq istəyirlər.
"Əşi, bundan adam olmayacaq" düşüncəsi ilə onun gələcəyinin üstündən xətt çəkirlər. Halbuki həmin uşağın düzgün qayğıya, təhsilə, istiqamətə və dəstəyə ehtiyacı var. Sadəcə, bunu ona verən yoxdur.
Ögey övlad isə böyüyən kimi öz yolunu seçəcək. Valideynlərini axtaracaq, bəlkə də tapacaq, bəlkə də başqa bir ailəyə üz tutacaq. Doğma övlad isə yenə özlərində, lakin qapının arxasında qalacaq.
Bu bənzətmə boşuna deyil. Söhbət Azərbaycan futbolundan, daha dəqiq desək, legionerləşmədən və AFFA ilə klublarımızın uşaq futboluna münasibətindən gedir.
Doğma övlad Azərbaycan futbolu, yerli futbolçularımız, milli komandalarımızdır. Ögey övladlar isə klublarımızın heyətini dolduran legionerlər.
Bəli, Azərbaycan futbolunun klub səviyyəsi bu gün kifayət qədər baxımlıdır. Premyer Liqada rəqabət var, maraqlı oyunlar keçirilir. Klublarımız Avropanın nüfuzlu turnirlərində iştirak edir, Çempionlar Liqasında ciddi nəticələr qazanır, ölkəmizin adını beynəlxalq arenada tanıdır. Bütün bunlar təqdirəlayiqdir.
Amma gəlin, özümüzü aldatmayaq!
Bu uğurların arxasında əsasən legionerlər dayanır. İllərdir klub futbolumuzun Avropadakı nəticələrini xaricdən gətirilən futbolçuların hesabına təmin edirik. Onlara böyük pullar xərcləyir, ən yaxşı şəraiti yaradır, nəticələri onların üzərində qururuq.
Bəs özümüzünkülər? Azərbaycanlı futbolçular haradadır? Milli komandalarımız niyə yerli futbolçu bazasının bəhrəsini görmür?
Bir tərəfdə milyonlarla vəsait ayrılan legionerlər, digər tərəfdə normal futbol təhsili, müasir məşq metodikası, keyfiyyətli meydança və peşəkar inkişaf imkanları gözləyən azərbaycanlı uşaqlar. Bir tərəfdə Avropada nəticə göstərmək üçün bütün imkanlar, digər tərəfdə illərdir həllini tapmayan uşaq futbolu problemi.
Ən acınacaqlısı odur ki, bu mənzərə artıq adi hala çevrilib. Sanki Azərbaycan futbolunun taleyi yalnız legionerlərin ayaqlarına bağlıdır. Onlar qol vuranda sevinir, avrokuboklarda mərhələ keçəndə öyünürük. Amma həmin komandaların heyətində neçə azərbaycanlı futbolçunun əsas rol oynadığı, neçə yerli istedadın yetişdirildiyi barədə danışmağa gələndə susuruq.
AFFA və klublarımız özlərinə bir sual verməlidir: biz Azərbaycan futbolunu inkişaf etdiririk, yoxsa sadəcə legionerlərin hesabına bu gün üçün uğurlu klub (inkişaf) görüntüsü yaradırıq?
Uşaq futboluna münasibət dəyişməyincə, bu sualın cavabı da dəyişməyəcək.
İllərdir eyni problemlərdən danışırıq. Uşaq futbolunda sistemsizlik, məşqçi hazırlığındakı çatışmazlıqlar, istedadların vaxtında aşkarlanmaması, düzgün inkişaf proqramlarının olmaması. Futbolu idarə edənlər də bilir, klublar da bilir, mütəxəssislər də bilir.
Bəs niyə nəticə yoxdur? Niyə hər il eyni problemləri müzakirə edir, amma növbəti nəslə də eyni mirası ötürürük? Niyə uşaq futboluna ayrılan vəsait, yaradılan şərait, həyata keçirilən layihələr legioner transferlərinə göstərilən diqqətlə müqayisə oluna bilmir?
Azərbaycan futbolunun gələcəyini transfer bazarından sifariş etməklə qurmaq mümkün deyil. Legioner bu gün buradadır, sabah başqa ölkəyə, başqa kluba gedəcək. Onun üçün Azərbaycan karyerasının növbəti dayanacağıdır. Biz isə onun üzərindən futbolumuzun uğur hekayəsini yazmağa çalışırıq.
Çıxış yolu bəllidir. Uşaq futboluna real strategiya lazımdır. Kağız üzərində qalan proqramlar, hesabatlarda gözəl görünən layihələr yox, nəticəsi meydançada görünən işlər görülməlidir.
Avropanın qabaqcıl akademiyaları ilə əməkdaşlıq, yerli məşqçilərin xaricdə təcrübə keçməsi, uşaqların beynəlxalq turnirlərdə iştirakı, akademiyaların fəaliyyətinə ciddi nəzarət və yetişdirilən futbolçuların inkişafına görə məsuliyyət mexanizmi.
Ən əsası, AFFA və klublar başa düşməlidir ki, uşaq futbolu əlavə xərc deyil, Azərbaycan futbolunun gələcəyinə qoyulan sərmayədir.
Nə vaxta qədər legionerlərin uğurunu Azərbaycan futbolunun uğuru kimi təqdim edəcəyik? Nə vaxta qədər xaricdən gətirilən futbolçularla fəxr edib, öz övladlarımızın inkişafına biganə qalacağıq?
Nə vaxtsa milli komandamızın heyətinə baxıb, bu futbolçuların böyük əksəriyyətinin öz akademiyalarımızdan yetişdiyini söyləyə biləcəyikmi?
Yoxsa belə də davam edəcəyik?
Bir həqiqəti unutmayaq: legionerlər bu gün Azərbaycan klublarının nəticələrini yaxşılaşdıra bilər. Amma onlar Azərbaycan futbolunun gələcəyini təmin edə bilməyəcəklər.
Nə qədər ki, ögey övladlara – legionerlərə daha çox pul, diqqət və ümid ayıracağıq, doğma övladımız – Azərbaycan futbolu qapının arxasında qalacaq.
Və bir gün qonaqlıqlarda nümayiş etdirdiyimiz ögey övladlar gedəndə, doğma övladımızın da artıq böyümək, inkişaf etmək, bizi təmsil etmək üçün gecikdiyini görəcəyik.
HƏBİB / SPORTİNFO.AZ