Niderlandın "Ayaks" futbol klubunun və Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabat 2025-ci il Afrika Millətlər Kubokunun çempionluq titulunun Seneqala qaytarılmasına münasibət bildirib.
İdman.Biz "De Telegraaf" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu İdman Arbitraj Məhkəməsinin (CAS) qərarından məyus olduğunu gizlətməyib.
"Bu, sadəcə, qəbuledilməzdir. Finalda baş verənləri hamı gördü. Final fiti səslənəndə məğlub olmaq, sonra qalib elan edilmək və ardından çempionluq titulunu itirmək olduqca qeyri-adi vəziyyətdir.
Təxminən bir il sonra hələ də Afrika Millətlər Kubokunun qalibinin kim olduğunu müzakirə etməyimiz əsl ədalətsizlikdir. Bu, möhtəşəm keçən turnirin nüfuzuna kölgə salır. Çox təəssüf ki, artıq heç nə edə bilmərik.
Növbəti dəfə meydanda qalib gəlmək istəyirəm. Finalda qələbə qazandıqda bunu azarkeşlərinizlə birlikdə qeyd etmək istəyirsiniz. Bizim isə belə imkanımız olmadı. Qərar qəbul edildi və təəssüf ki, bizim xeyrimizə olmadı. İndi bu səhifəni bağlayıb irəli getməliyik", - deyə Amrabat vurğulayıb.
Qeyd edək ki, noyabrın 24-də CAS Seneqal Futbol Federasiyasının apellyasiya şikayətini təmin edərək milli komandanın Afrika Millətlər Kubokunun finalında Mərakeş üzərində qazandığı 1:0 hesablı qələbəni qüvvədə saxlayıb.