Argentinada keçirilən "Patagonia Bariloche by UTMB" tiratlon yarışında maraqlı hadisə baş verib. Qələbəyə yaxın olan idmançı finişə çatmazdan əvvəl sürətini azaldaraq azarkeşlərlə sevincini bölüşməyə başlayıb. Bu zaman onu izləyən rəqibi aradakı məsafəni sürətlə azaldıb.
İdman.Biz xəbər verir ki, 12 kilometrlik məsafədə keçirilən yarışda argentinalı Aleks Tineo son metrlərə lider kimi daxil olub. Qələbəsinə əmin olan idmançı sürətini azaldaraq finiş lentini qaldırıb, amma xətti keçməyib.
Arxadan gələn Mayko Videla Bustamantenin ona çatmaq üzrə olduğunu isə görməyib. Lider finiş lentini qaldırdığı anda rəqibi də finişə çatıb və finiş xəttini keçib.
Kənardan baxanda Tineonun qələbəni vaxtından əvvəl bayram etdiyi və son anda birinciliyi əldən verdiyi təəssüratı yaranıb. Ancaq rəsmi nəticələr gözlənilənin əksini göstərib.
Məlum olub ki, Tineo sürətini azaltsa da, rəqibindən əvvəl rəsmi finiş xəttini keçib. Yarışda nəticələr idmançıların üzərindəki elektron çiplərlə əlaqəli xüsusi sensorlar vasitəsilə qeydə alınıb.
Elektron ölçmə sisteminin nəticəsinə əsasən, Aleks Tineo rəqibini üç saniyə qabaqlayaraq qalib elan olunub.
Beləliklə, finişdə az qala qələbəni əldən verən argentinalı idmançı yarışı birinci pillədə başa vurub. Hadisənin videogörüntüləri isə sosial şəbəkələrdə diqqət çəkib.