Parataekvondo üzrə Azərbaycan millisinin üzvü Amin Əliyev Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, 17 yaşlı idmançı K44 kateqoriyasında 63 kq çəki dərəcəsində mübarizə aparıb.
Dünya çempionatında debüt edən Əliyev 1/16 final mərhələsində Tailand təmsilçisi Natthavat Sutapakı 2:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
Azərbaycanlı parataekvondoçu bu mərhələdə dünya reytinqinin üçüncü pilləsində yer alan israilli Adnan Miladla qarşılaşıb. Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, Əliyev dünya çempionatındakı çıxışını bir qələbə və bir məğlubiyyətlə başa vurub.
Qeyd edək ki, 20-22 noyabr tarixlərində təşkil olunan dünya çempionatında 63 kq çəki dərəcəsinin qalibi türkiyəli Mahmut Bozteke olub. Amin Əliyevi məğlub edən Adnan Milad isə gümüş medal qazanıb.