"Sabah"ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev qış fasiləsində komandasını dəyişə bilər.
Sportinfo.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu bir neçə ölkə klubunun maraq dairəsinə düşüb.
Konkret klub adları çəkilməsə də, Özbəkistan millisinin üzvünün keçmiş SSRİ ölkələrində çıxış edən komandaların diqqət mərkəzində olduğu bildirilib. Xüsusən də, Rusiya, Qazaxıstan və Ukrayna kimi ölkələrin adları çəkilir.
Gənc oyunçunun ölkəsinə qayıtmaq variantı da var. Lakin o, bu yaşda Özbəkistana dönməyi düşünmür.
"Sabah" rəhbərliyi isə Raxmonaliyevi qış fasiləsində satmağı planlaşdırmır. Oyunçu ilə bağlı təkliflərə ən yaxşı halda mövsümün sonunda baxıla bilər.
Umarali Raxmonaliyevin "Sabah"la müqavilə müddəti 2028-ci ilin sonuna qədərdir.