"Milwaukee Baks"ın hücumçusu Kayl Kuzma "Hyuston Rokets"in ulduzu Kevin Dürantın biznes fəaliyyətini yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, Kuzma "Read the Room" podkastına müsahibəsində Dürantı NBA oyunçuları arasında ən yaxşı investor adlandırıb.
"NBA basketbolçuları arasında ən yaxşı investor kimdir? Şübhəsiz, Kevin Dürant. Sanki onun əlində xüsusi üstünlük var idi. İnvestisiya qoyduğu şirkətlərin çoxu sonradan uğur qazandı. O, 2016-2017-ci illərdə "Qolden Steyt Uorriors"da oynayarkən texnologiya sahəsinin nümayəndələri ilə əlaqələr qurmağa və sərmayə yatırmağa başladı. Onun investisiya portfeli inanılmazdır. Bəzi yatırımları 10, 15, hətta 20 dəfə gəlir gətirib", - deyə Kuzma bildirib.
Basketbolçu Dürantın süni intellekt sahəsində fəaliyyət göstərən "Hugging Face" şirkətinə yatırdığı sərmayəni xüsusi vurğulayıb:
"Bu yaxınlarda "Hugging Face" ilə bağlı 60 milyon dollarlıq gəlir haqqında məlumat yayıldı. Belə hadisələrə hər gün rast gəlinmir. Bu, inanılmazdır".
Qeyd edək ki, Dürantın sözügedən şirkətə erkən mərhələdə yatırdığı sərmayənin dəyərinin təxminən 60 milyon dollara çatdığı bildirilir. Lakin bu məbləğ rəsmi təsdiqlənmiş qazanc deyil, investisiyanın mümkün dəyərinə dair hesablamadır.