Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu peşəkar karyerasında 986-cı qolunu vurub.
İdman.Biz Səudiyyə Ərəbistanı Pro Liqasının oyun məlumatlarına istinadən xəbər verir ki, 41 yaşlı futbolçu ölkə çempionatının doqquzuncu turundan təxirə salınmış "Əl-Əhli" ilə qarşılaşmada fərqlənib.
Portuqaliyalı hücumçu Ciddədə keçirilən matçın 14-cü dəqiqəsində rəqib qapısına yol taparaq komandasını hesabda önə çıxarıb.
Bununla da Ronaldunun karyerası ərzində vurduğu qolların sayı 986-ya yüksəlib. O, bu qollardan 840-nı klub səviyyəsində, 146-nı isə Portuqaliya millisinin heyətində vurub.
Ronaldu 1000 qol həddinə çatmaq üçün daha 14 dəfə fərqlənməlidir.
Qeyd edək ki, "Əl-Nəsr" qarşılaşmadan əvvəl 28 xalla Səudiyyə Ərəbistanı çempionatında üçüncü pillədə qərarlaşıb.