"Meydanda sona qədər ürəklərini qoyan, ehtiyatda oturub hər an mübarizəyə qoşulmağa hazır olan basketbolçularıma təşəkkür edirəm. Oynayıb-oynamamasından asılı olmayaraq bir komanda olaraq çox yaxşı çıxış etdik, oyundan qopmadıq. Son saniyəyə qədər mübarizə apardıq. Avropa matçları daha fərqli səviyyədə keçir".
İdman.Biz xəbər verir ki, bu sözləri "Gəncə" basketbol klubunun baş məşqçisi Murad Dikmen "Kolossos"a 78:79 hesabı ilə məğlub olduqları oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis yeni transferin komandaya təsirindən, oyun planının detallarından, son dəqiqələrdə yaşanan yorğunluqdan və qarşıdakı hədəflərdən söz açıb:
"Yeni transferimiz, oyun qurucumuz Donovan Donaldsonun da sıralarımıza qatılması gücümüzü artırdı. Oyun planında həm hücum, həm də müdafiədə üzərimizə düşəni etdik. Məqsədimiz rəqibin ən çox xal yığan 5 nömrəli basketbolçusuna daha çox oynamaq imkanı yaratmaq idi, çünki top onda olanda onlar kollektiv mübarizə apara bilmirdilər. Komanda yoldaşları oyundan qopurdular. Bu planın üzərində çalışdıq. Təəssüf ki, 21 nömrəli yerli basketbolçuları 6 dəfə dəqiq "3-lük" atıb oyun planımızı o tərəfdən pozdu. Buna baxmayaraq öz addımlarımız bizi matçın içində saxladı, hətta bir dönəm görüşə nəzarət də bizdə oldu.
Amma yorğunluq və rotasiya edə bilməməyimiz oyunun son 2-3 dəqiqəsində özünü hiss etdirdi. Bununla belə mübarizədən qopmadıq, 7-8 xal geri düşsək də, hesabda rəqibə yaxınlaşdıq. Qarşımızda Avropa Kubokunda təcrübəsi olan rəqibimiz vardı. Gün keçdikcə bizim də müəyyən təcrübəmiz yaranır, düzgün oynamağa çalışan komanda oluruq. Basketbolçularımız bir-birilərinə alışırlar. Eyni oyunu indi daxili çempionatda da sərgiləməliyik. Köməkçilərimə, komanda heyətinə təşəkkür edirəm. Ümid edirəm ki, Gəncədə oynayacağımız ev oyununda qalib gəlib, azarkeşlərimizi, klub rəhbərliyini, bizi dəstəkləyən hamını sevindirəcəyik".
Qeyd edək ki, "Gəncə"nin heyətində ən məhsuldar basketbolçu 25 xal toplayan Kobe Medji olub. Ksavye Rods və Montavius Merfi hərəyə 14, Donovan Donaldson 11, Bakari Kamara səkkiz, Latavius Cey Mitçell isə altı xal qazanıb.
Azərbaycan klubu əvvəlki altı oyunda yalnız bir qələbə qazanmışdı. "Gəncə" Portuqaliyanın "Sportinq" klubunu 69:67 hesabı ilə məğlub etmişdi. Komanda Bolqarıstanın "Rilski Sportist" klubu ilə səfər görüşünə çıxmadığına görə 0:20 hesablı texniki məğlubiyyətlə də cəzalandırılıb.
Yeddi turdan sonra bir qələbəsi olan "Gəncə" C qrupunda sonuncu - altıncı pillədə qərarlaşıb.