Azərbaycan şahmatçısı Şahin Vəliyev Portuqaliyanın Funşal şəhərində keçirilən "Funchal Chess Open" beynəlxalq turnirinə uğurlu başlayıb.
İdman.Biz xəbər verir ki, 2363 reytinqli təmsilçimiz ilk turda yarışın reytinq siyahısında üçüncü olan fransalı qrossmeyster Pyer Loran-Paolini məğlub edib. Rəqibinin reytinqi 2565-dir.
Vəliyev ikinci turda 2486 reytinqli qrossmeyster Voytex Platla heç-heçə edib. İlk iki turun yekununda bir qələbə və bir heç-heçə ilə 1,5 xal toplayan şahmatçımız əlavə göstəricilərə görə 11-ci pillədə qərarlaşıb.
Turnirdə iştirak edən digər Azərbaycan təmsilçisi Ümid Aslanov ilk turda hindistanlı qrossmeyster Narayananla xalları bölüşüb. İkinci turda türkiyəli Eray Kılıca məğlub olan şahmatçımız 0,5 xalla 42-ci yerdədir.
İsveçrə sistemi üzrə doqquz turdan ibarət yarış dekabrın 2-də başa çatacaq.