“Oyunun ilk yarısı bizim nəzarətimizdə idi. Rəqibin hansısa epozodunu xatırlamıram. Çox tez qol vurduq və çoxlu fürsətlərimiz oldu. Amma onları qola çevirə bilmədik”.
Sportify.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub evdə “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssisin sözlərinə görə, futbolçularının oyuna yanaşmaları onu razı salıb: “İkinci hissənin 15-20 dəqiqəsi bərabər şəraitdə keçdi. 65-ci dəqiqədən sonra futbolçularımız daha çox müdafiədən oynamağa üstünlük verdilər. Bu da qələbə psixologiyasından irəli gəlirdi. Amma biz dözdük, hesabı qoruduq. Bu, bizim üçün çox önəmlidir. Hətta 85-ci dəqiqədə üçüncü mərkəz müdafiəçisini oyuna buradıq. Bundan sonra oyunu 3-5-2 formatında davam etdirdik. Çünki “Zirə” çoxlu asmalar etməyi sevir. Xüsusən, Davit Volkov başla oynamağı çox sevir. Bura irlandiyalı stopperi də əlavə etmək olar. Ona görə də Elvin Bədəlovu oyuna buraxdım ki, 3 ucaboy müdafiəçimiz birlikdə asmaların qarşısını alsınlar. Onlar da bunu etdilər. Qalib gəldik, irəliyə doğru davam edirik”.
Vernidub “90 dəqiqə boyunca dominant futbol sərgiləyən “Neftçi”ni nə vaxt görə bilərik?” sualına cavab verməyin çətin olduğunu etiraf edib: “Mən də bunu istəyirəm. Futbol inkişaf edir. Hazırkı Azərbaycan çempionatında xoşuma gələn çoxlu komanda var. “Sabah”, “Qarabağ”, “Turan Tovuz”, “Zirə”, “Kəpəz”, “Şamaxı” sadə komandalar deyillər. Onlar da istəyirlər ki, hər zaman dominantlıq etsinlər. Amma hər zaman topla hərəkət etmək olmur. Onlar da udmaq istəyirlər və oyunlarını buna uyğun qururlar”.