Azərbaycanın U-21 millisinin hücumçusu Lorenzo Mezzotero İtaliyanın "Sampdoriya" ilə müqaviləsini yeniləyib.
18 yaşlı istedadla 2030-cu il iyunun 30-dək yeni kontrakt imzalanıb. Sözləşmədə klubun istəyi ilə müddətin 2031-ci il iyunun 30-dək uzadılması variantı da nəzərdə tutulub.
Yeni sözləşmə adıçəkilən forvardın maaşına təsir göstərib. Artıq B Seriyasında özünü göstərməyi bacaran ön xətt oyunçusu əvvəlki ilə müqayisədə iki dəfə çox maaş alacaq. Söhbət 10 min avroya yaxın bir məbləğdən gedir.
Mezzotero 2008-ci il avqustun 16-da İtaliyanın Monza şəhərində anadan olub. Erkən uşaqlıq illərini Kanadada keçirib, dörd yaşında futbolla məşğul olmağa başlayıb. 2014-cü ildə ailəsi ilə birlikdə Bakıya köçən Lorenzo altı il Azərbaycanda yaşayıb. Onun atası Sercio Mezzotero həmin dövrdə SOCAR-da müqavilə əsasında çalışan italiyalı mühəndis olub.
Gənc hücumçu Bakıda təhsil alıb və ilk ciddi futbol hazırlığını da burada keçib. "Qarabağ" və "Neftçi"nin akademiyasında bu idman növünün sirlərini öyrənib.
2020-ci ildə atasının SOCAR-la müqaviləsi başa çatdıqdan sonra ailə İtaliyaya qayıdıb. Mezzotero daha sonra Azərbaycan millisində çıxış etmək üçün sənədləşmə prosesinə başlayıb. Proses uzun çəksə də, AFFA-nın köməyi ilə məsələ həllini tapıb. 2026-cı ilin mayına qədər bütün zəruri prosedurlar tamamlanıb və hücumçu Azərbaycanın U-21 millisinə dəvət alıb. Ayxan Abbasov onu Lixtenştyinlə UEFA Millətlər Liqasının, Andorra ilə yoldaşlıq görüşünə çağırdığı heyətə dəvət edib. Di gəl, ayağından aldığı zədə üzündən düşərgədən kənarda qalıb.
SPORTİNFO.AZ