İngiltərənin "Çelsi" klubu müdafiə xəttini İtaliya millisinin futbolçusu Alessandro Bastoni ilə gücləndirməkdə maraqlıdır.
İdman.Biz İtaliya mediasına istinadən xəbər verir ki, London təmsilçisi "İnter"in 27 yaşlı müdafiəçisinin vəziyyətini diqqətlə izləyir. Futbolçuya "Barselona" da maraq göstərir.
Milan klubunun Bastoni ilə bağlı mövqeyi son dövrlərdə dəyişib. Müdafiəçinin nümayəndələri ilə keçirilən görüşdən sonra tərəflər yeni müqavilə üzrə razılığa gəlməyiblər.
Məlumata görə, "İnter" sərfəli təklif alacağı təqdirdə futbolçunun satışını nəzərdən keçirə bilər. İtaliya təmsilçisinin Bastoni üçün təxminən 80 milyon avro (160 milyon manat) tələb etdiyi bildirilir.
Müdafiəçinin gələn ilin yayında klubunu dəyişməsi ehtimalı da istisna olunmur. Bununla belə, "Çelsi" hələlik rəsmi transfer təklifi göndərməyib.
Qeyd edək ki, Bastoninin "İnter"lə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.