"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Türkiyə Super Liqasının 12-ci turunda "Samsunspor" üzərində 2:1 hesablı qələbədən sonra qırmızı vərəqə alıb.
İdman.Biz xəbər verir ki, matçın son fitindən sonra baş hakim Ali Şansalan 53 yaşlı mütəxəssisə ikinci sarı vərəqəni göstərərək onu meydandan kənarlaşdırıb.
Hadisəyə səbəb Okan Burukin oyunun sonunda hakimlə görüşməməsi olub.
"Qalatasaray"ın məşqçilər korpusu isə bu qərarı əsassız hesab edir.
Komandanın köməkçi məşqçisi İrfan Saraloğlu bildirib ki, Buruk qarşılaşmadan sonra futbolçularını təbrik etmək üçün meydana daxil olub və yaxınlığındakı hakimlə əl sıxıb. Lakin baş hakimlə görüşməməsi mübahisəyə səbəb olub.
Hadisədən sonra "Qalatasaray" rəhbərliyi də məsələyə münasibət bildirib. Klubun vitse-prezidenti Maruf Güneş qırmızı vərəqənin ləğvi üçün Türkiyə Futbol Federasiyasına müraciət edəcəklərini açıqlayıb.
Günəş hakimin qərarını tənqid edərək Burukun hansı hərəkətinə görə meydandan kənarlaşdırıldığının aydın olmadığını vurğulayıb.
Okan Buruk isə stadiondan ayrılarkən jurnalistlərlə əl sıxıb və hakim qərarına eyham vuraraq "Əl sıxmağa icazə var, yəqin ki!" deyib.
Qırmızı vərəqə qüvvədə qalacağı təqdirdə, təcrübəli mütəxəssis Super Liqanın 13-cü turunda "Beşiktaş"la keçiriləcək derbidə ehtiyat oyunçular skamyasında yer ala bilməyəcək.