2028-ci il "Copa America" turnirinin yenidən ABŞ-da keçirilməsi planlaşdırılır. Sport24.az xəbər verir ki, bu barədə "O Globo" məlumat yayıb.
Mənbənin sözlərinə əsasən, noyabrın 20-də Kolumbiyanın Barrankilya şəhərində keçirilən CONMEBOL şurasının iclasında təşkilatın prezidenti Alexandro Dominqes Uilson-Smit 2028-ci il turnirinin ABŞ-da baş tutacağını bildirib.
Bu qərar hələ rəsmi olaraq elan edilməyib. Əgər təsdiqlənərsə, bu, son beş turnirdən üçünün ABŞ-da keçirilməsi demək olacaq.
2028-ci il "Copa América" turnirinin dəqiq tarixləri hələ məlum deyil.
Qeyd edək ki, əvvəlki turnir 2024-cü ildə ABŞ-da keçirilib. Həmin yarışda CONMEBOL-a üzv olan on milli komanda ilə yanaşı, CONCACAF-dan dəvət olunmuş altı komanda – ABŞ, Meksika, Kanada, Panama, Kosta-Rika və Yamayka iştirak edib. Turnir hər iki konfederasiya tərəfindən birgə təşkil olunub.
"The Athletic" nəşrinin məlumatına görə, CONCACAF milliləri 2028-ci ildə baş tutacaq turnirə vəsiqə qazanmaq imkanına yenidən sahib olacaqlar, lakin seçmə mərhələnin təfərrüatları və konfederasiyaya ayrılacaq yerlərin sayı hələ müəyyənləşməyib.