"Şəfa"da baş məşqçi Zaur Həşimovla klub rəhbərliyi arasında narazııq hökm sürməyə başlayıb.
Sportify.az-ın əldə etdiyi məlumata görə, son açıqlamaları təcrübəli mütəxəssisin rəhbərliyin mövqeyindən və komandaya münasibətindən məmnun olmadığını göstərir.
Həşimovun artıq etirazlarını dilə gətirmə səbəblərindən biri komandanın üzləşdiyi problemlər qarşısında rəhbərlikdən dəstək görməməsidir.
Baş məşqçi daha əvvəl "Araz-Naxçıvan"la oyundan sonra hakim idarəçiliyini sərt tənqid etmiş, komandasının bir neçə qarşılaşmada haqsız qərarlarla üzləşdiyini bildirmişdi. O, "Şamaxı" və "Sumqayıt"la matçları da xatırladaraq ötən iki oyunda hakim səhvləri üzündən 4 xal itirdiklərini söyləmişdi. Lakin klub rəhbərliyi Həşimovun arxasında duraraq hər hansı açıqlama verməmişdi. Beləliklə, Həşimov ortalıqda tək qalmışdı.
"Qəbələ"yə 0:2 hesablı məğlubiyyətdən sonra səsləndirdiyi fikirlər isə klub daxilindəki münasibətlərə dair yeni suallar yaradıb.
Mütəxəssis hücumçu mövqeyində ciddi çətinliklər yaşadıqlarını, yeganə hücumçu Luis Felipenin 6 aylıq sıradan çıxdığını bildirib. Ardınca isə məsuliyyətin yalnız onun üzərində qalmamalı olduğunu vurğulayıb:
"Bütün məsuliyyəti öz üzərimə götürürəm. Amma fikrimcə, bu işdə tək olmalı deyiləm. Rəhbərlik, mən, futbolçular – kollektiv olaraq vəziyyətdən çıxmaq üçün addımlar atmalıyıq".

Bu sözlər baş məşqçinin rəhbərliyə ünvanladığı açıq mesaj təsiri bağışlayır. Həşimov problemlərin həllində klub rəhbərliyinin də məsuliyyət daşıdığını xatırladır. Görünən odur ki, o, artıq bütün yükü təkbaşına daşımaq istəmir.
Amma gəlin görək, "Şəfa" rəhbərliyində elə bir xarizmalı şəxs varmı ki, baş məşqçiyə dəstək olsun, klub özünü haqlı saydıqda mövqeyini ifadə etsin? Bir Əfran İsmayılov var, ona da son vaxtlar "sus" komandası verilib. Klubun gənc və inşallah ki, perspektivli prezidenti Kənan Sadıqov isə oyunlara VİP-lojada baxıb getməkdən başqa bir iş görmür.
"Şəfa" hazırda 5 xalla 11-ci yerdə gedir, sonuncu yerdə deyil. Amma hətta axırıncı pillədəki "Araz-Naxçıvan"dan da çox məğlubiyyətlə üzləşib. Elə bilməyin ki, rəhbərliyin məğlubiyyətləri sıralayan Zaur Həşimovu yerindən tərpətməməsi ona bir dəstək sayılmalıdır. Bir himə bənddirlər. "Araz-Naxçıvan" son pillədən qurtulan kimi Həşimovu da istefaya göndərəcəklər.
Belə olan halda sual yaranır: baş məşqçidən nəticə tələb edən rəhbərlik özü klubun problemlərinin həlli üçün nə edir?
Komandanın maraqlarını müdafiə etmək, çətin məqamlarda mövqe ortaya qoymaq və baş məşqçinin arxasında dayanmaq da idarəçiliyin bir hissəsidir.
"Şəfa"da isə hələlik bu mənzərə görünmür.