İtaliya nəhəngi "Yuventus"un baş məşqçisi Luçano Spaletti hücum xəttini gücləndirmək üçün İtaliya klubu "Atalanta"nın futbolçusu Canluka Skamakkayanı transfer etmək istəyir.
Sportify.az xəbər verir ki, bu barədə GOAL nəşri məlumat yayıb.
İtaliyalı mütəxəssis komandasında klassik mərkəz hücumçusunun olmasını vacib hesab edir. O, yanvar transfer pəncərəsi öncəsi bu istəyini klub rəhbərliyinə çatdırıb.
Spaletti hesab edir ki, komandaya cərimə meydançasında mövqe tutmağı, arxası qapıya oynamağı, topu saxlamağı və hücumların inkişafına kömək etməyi bacaran hücumçu lazımdır.
Mütəxəssis Randal Kolo Muaninin də mərkəz hücumçusu kimi oynaya biləcəyini desə də, fransalı futbolçunun cinahda daha effektiv olduğunu düşünür. Nikolas Völtemadenin isə fiziki göstəricilərinə baxmayaraq, tələb olunan xüsusiyyətlərə tam cavab vermədiyi bildirilir.
Skamakka bu baxımdan "Yuventus"un əsas namizədi hesab olunur. Zədələr səbəbindən mövsümə istədiyi kimi başlaya bilməyən hücumçu hazırda "Atalanta"nın əsas heyətindəki yerini Nikola Krstoviçə uduzub.
Bununla belə, 26 yaşlı futbolçunun fiziki gücü, hava toplarında mübarizəsi, zərbələri və topu saxlamaq bacarığı Spalettinin axtardığı profilə uyğundur.
Tərəflər arasında mümkün transferin icarə əsasında həyata keçirilməsi, mövsümün sonunda isə müəyyən şərtlərlə satınalma öhdəliyinin nəzərdə tutulması müzakirə oluna bilər. Bu şərtlərdən birinin "Yuventus"un növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanması ola biləcəyi bildirilir.
Qeyd edək ki, "Yuventus"un alternativ namizədləri arasında Aleksander Sörlot, Folarin Baloqun, Varela və Coşua Zirkzee də var.