"Oyunun ağır olacağını bilirdik. Həqiqətən də çətin oldu. "Qaradağ Lökbatan" həqiqətən yaxşı komandadır, əbəs yerə lider deyillər. Onları təbrik edirik".
Bu sözləri İkinci Liqanın 12-ci turunda lider "Qaradağ Lökbatan"a 0:1 hesabı ilə məğlub olan "Şirvan" futbol komandasının baş məşqçisi Pərviz Bayramov görüşü şərh edərkən deyib.
Bölgə təmsilçisinin çalışdırıcısı oyunun gedişindən, ikinci hissədəki mübarizə əzmindən, hakimlikdən və qarşıdakı oyunlardan söz açıb.
"Oyuna gəldikdə, yaxşı başlamadıq. Uşaqlar birinci hissədə öz oyununu tapa bilmədilər. İkinci hissədə yaxşı oynadıq. Düzdür, məğlub olduq, amma məni fasilədən sonrakı mübarizə əzmi qane etdi. Xoşlamıram ki, məğlubiyyəti kiminsə üstünə atım, hansısa yenilgiyə bəhanə axtarım, bunu özümə yaraşdırmıram. Amma tək özümüz üçün yox, ümumi mənada deyirəm ki, ikinci liqadakı hakimlik çox bərbaddır. Bizim qapıya 11 metrlik olmadığı halda, verdi. Yaxşı ki, rəqib reallaşdıra bilmədi. Əvəzində oyunun sonunda rəqibin qapısına verilməli olan penaltini təyin etmədi. Açıq əllə oyuna göz yumdu. Bunlar hamısı bizim kimi komandalara təsir edirlər. Onsuz da problemlərimiz var, onlar da bir yandan çətinlik yaradır. Eybi yox, ruhdan düşmürük. Növbəti onlarda, inşallah, yaxşı mübarizə apararıq, qələbələr qazanarıq", - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, ilk dövrədəki matçda "Şirvan" "Qaradağ Lökbatan"ı 3:2 hesabı ilə məğlub etmişdi. 13-cü turda "Şirvan" noyabrın 28-də səfərdə "Hypers"lə qarşılaşacaq, "Qaradağ Lökbatan" isə noyabrın 29-da "Şəki"ni qəbul edəcək.