Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Təhsil Respublika İdman Mərkəzinin (TRİM) birgə təşkilatçılığı ilə ölkədə təmiz idman prinsiplərinin təbliği və idmançılar arasında antidopinq mədəniyyətinin formalaşdırılması məqsədilə növbəti maarifləndirici tədbir baş tutub.
Bu barədə "Report"a agentliyin mətbuat xidmətindən bildirilib.
İki hissədən ibarət görüşdə müxtəlif növlər üzrə perspektivli idmançılar, eləcə də onların təcrübəli məşqçiləri iştirak ediblər.
Toplantının əsas məqsədi onlara qadağan olunmuş maddələr və üsullar siyahısı, dopinq nəzarəti prosesinin qaydaları, eləcə də bu halın insan sağlamlığına və karyeraya yaratdığı mənfi təsirlər haqqında ətraflı məlumat vermək olub.