"Vaxtımız elə də çox deyil. Buna görə də qısa müddətdə mümkün qədər yaxşı hazırlaşmalıyıq".
Bu sözləri 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Anar Hüseynov İraqla qolsuz heç-heçə etdikləri yoldaşlıq oyunundan sonra sportify.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Oyun haqqında fikirləriniz necədir? Hazırlığınız hansı səviyyədədir və qarşıdakı matçlardan gözləntiləriniz nələrdir?
– Real qol imkanlarımız çox oldu. Sadəcə, hazırda nəticələrimiz yaxşı olmadığı üçün üzərimizdə təzyiq var. Əsas çatışmazlığımız qol imkanlarını dəyərləndirməklə bağlıdır. İnşallah, ikinci oyunda bu problemi aradan qaldırarıq.
– Hazırlıq prosesini necə dəyərləndirirsiniz? Məşqlərdə daha çox hansı məqamlara diqqət yetirilir?
– Düşünürəm ki, hər şey yaxşıdır. Təəssüf ki, yaratdığımız 4-5 qol imkanını dəyərləndirə bilmirik. Məşqlərdə də bu çatışmazlıqlar üzərində işləyirik. Məşqçimiz topa sahib olduğumuz zaman rahat və sadə oynamağımızı istəyir. Demək olar ki, saatlarla bu istiqamətdə məşq edirik. Məqsədimiz topa nəzarət etmək, rahat oyun nümayiş etdirmək və top itkilərini minimuma endirməkdir. Çünki millimizin əsas problemlərindən biri də budur. Buna görə də daha çox topla işləyirik.
– Dünya çempionatına qədər komanda hazır ola biləcək? Azarkeşlərə nə söz verə bilərsiniz?
– Vaxtımız elə də çox deyil. Buna görə də qısa müddətdə mümkün qədər yaxşı hazırlaşmalıyıq. İnanıram ki, hər şey yaxşı olacaq. İnşallah, əlimizdə olan heyətlə istədiyimiz nəticəni əldə edərik.
– Klubunda oyun praktikasının az olması sizə necə təsir edir? Əvəzedici komandada keçirdiyiniz oyunlar milli komandada çıxış etmək üçün kifayət qədər təcrübə qazandırırmı?
– Mən 19 yaşadək futbolçulardan ibarət komandamızla Çempionlar Liqasında oynayıram. Orada kifayət qədər yüksək səviyyəli rəqiblərə qarşı mübarizə aparırıq. Həmin oyunların səviyyəsi, demək olar ki, milli komandadakı matçlarla eynidir. Düzdür, əvəzedici komandaların səviyyəsi Çempionlar Liqası ilə müqayisədə fərqlənir. Amma Çempionlar Liqasında oynadıqca daha da inkişaf edirik.
– Əvəzedici komandanın şəraiti necədir? Harada məşq edir və oyunlarınızı keçirirsiniz?
– Komandamız əsasən Hökumət meydançasında məşq edir.
– Təbii ot örtüyündə?
– Bəli, təbii ot örtüyündə. 19 yaşadək komandamızın Çempionlar Liqası oyunları isə "Bank Respublika Arena"da keçirilir. Ona görə də meydança və şərait baxımından problemimiz yoxdur. Əvəzedici komandanın da şəraiti yaxşıdır.
– Baş məşqçi Valdas Dambrauskas sizi nə vaxtsa əsas komandaya məşqlərə dəvət edib?
– Xeyr, əsas komanda ilə məşqə çıxmamışam.
– Öz oyun tərzinizi hansı futbolçuya bənzətmək istəyərdiniz? Kumiriniz kimdir?
– Uşaqlıqdan dostlarım məni Paulo Dibalaya bənzədirlər.