"İlk olaraq "Qarabağ" akademiyasında başlamışam. Daha sonra "Sabah"a keçmişəm".
Bu sözləri 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Şahin İbrahimov İraqla qolsuz heç-heçə etdikləri yoldaşlıq oyunundan sonra sportify.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Hazırlığınız necə keçir?
– Hazırlığımız yaxşı gedir. İlk mərhələni Qəbələdə keçirdik. Bizə göstərdiyi dəstəyə görə AFFA-ya təşəkkür edirəm. Bu, hamımızın bir arada olduğu dördüncü toplanışımızdır. Hələ yolun başlanğıcındayıq və qarşımızda uzun bir yol var. Düşünürəm ki, hər oyunda tədricən inkişaf edirik. İnşallah, qarşıdakı matçlarda da qələbə qazanmağa çalışacağıq. Amma ən əsası inkişaf etmək və hər oyunda çatışmazlıqlarımızı aradan qaldırmaqdır.
– Sizcə, komandanın hansı komponentlərində hələ də boşluqlar var? Həm komanda, həm də öz çıxışınız baxımından hansı məqamları yaxşılaşdırmaq lazımdır?
– Bu barədə düşünmüşəm. Məşqlərdə müdafiə məsələlərinə çox diqqət ayırırıq və həmin komponenti daha da yaxşılaşdırmağa çalışırıq. Hələ də səhvlərimiz var. Rəqiblərimiz də bu boşluqları görürlər. Ona görə də çatışmazlıqları aradan qaldırmalıyıq. Hücumda da istədiyimiz qədər imkan yarada bilmirik. Bəzən hücum zamanı oyunçularımızın sayı az olur, zərbələrimiz də kifayət etmir. Amma inkişaf etmək üçün hələ vaxtımız var.
– Oyunda üç qol imkanınız oldu, təəssüf ki, heç birini dəyərləndirə bilmədiniz. Bu, qeyd etdiyin problemlərlə bağlı idi?
– Bəli. Komandamızda çoxlu gənc futbolçu var. Bildiyiniz kimi, 2010 və 2008-ci il təvəllüdlü oyunçularımız da mövcuddur. Onlar artıq daha təcrübəli futbolçulara qarşı oynamağa başlayıblar və bu səviyyəyə uyğunlaşırlar. Ola bilər ki, hələ tam hazır deyillər. Belə hallarda səhvlərin olması normaldır.
– Hansı klubun yetirməsisiniz?
– İlk olaraq "Qarabağ" akademiyasında başlamışam. Daha sonra "Sabah"a keçmişəm. Artıq üç ildir bu klubdayam.
– Hazırda "Sabah"ın əvəzedici komandasında çıxış edirsiniz. Əsas komandaya yüksəlmək və daha çox oyun şansı qazanmaq üçün nə etmək lazımdır? Bu məsələnin həlli sizin özündən, yoxsa klubdan asılıdır?
– Məncə, hər bir futbolçu oynamaq üçün məşq edir və zəhmət çəkir. Amma dediyim kimi, "Sabah" hazırda Çempionlar Liqasında çıxış edir. Belə bir komandada, xüsusilə də təcrübəli futbolçuların olduğu heyətdə şans qazanmaq bir qədər çətindir.
– Ən azı əsas komanda ilə məşqlərə cəlb olunursunuz?
– Bəli, həmişə onlarla bir yerdəyik.
– 20 yaş futbolçu üçün artıq kifayət qədər ciddi yaş hesab olunur. Dünyada bu yaşda olan oyunçular həm əsas komandalarda çıxış edir, həm də yüksək transfer qiymətinə malik olurlar. Bu baxımdan, nə vaxta qədər əvəzedici komandada qalmağı düşünürsünüz?
– Bu barədə konkret nəsə deyə bilmərəm.
– Yəni daha çox oynamaq imkanınız olan başqa komandaya keçməyi də düşünürsünüz?
– Əlbəttə. Qış transfer pəncərəsində klub da uyğun hesab etsə, inkişafım üçün başqa komandaya icarəyə getməyə və orada oynamağa hər zaman razıyam. Futbolçu üçün ən vacib məqamlardan biri oyun praktikasıdır. Nə qədər məşq etsən də, müntəzəm oynamaq hər zaman fərq yaradır.
– Hazırda "Sabah"ın əvəzedici komandasında oynayırsınız, əsas heyətin üzvü deyilsiniz?
– Bəli.