Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Total Chess World Championship Tour Pilot" turnirində norveçli şahmatçı Maqnus Karlsen qazaxıstanlı Bibisara Asaubayeva ilə qarşılaşmanın sonuncu partiyasına çıxmaqdan imtina edib.
İdman.Biz xəbər verir ki, şahmatçılar yarışın 17-20-ci yerlər uğrunda yarımfinal mərhələsində üz-üzə gəlirlər.
İlk oyun günündə Karlsen blitsdə 3 qələbə və 1 heç-heçə, rapid formatında isə 2 qələbə qazanaraq 11,5:0,5 hesabı ilə önə keçib.
Bundan sonra norveçli şahmatçı sürətli klassika formatında nəzərdə tutulan sonuncu partiyaya çıxmayıb. Nəticədə ona texniki məğlubiyyət verilib və 8 xal Asaubayevanın hesabına yazılıb. Beləliklə, günün yekununda Karlsen 11,5:8,5 hesabı ilə qalib gəlib.
Karlsen qərarını matçın həmin gün üçün nəticəsinin artıq müəyyənləşməsi ilə əsaslandırıb. Onun fikrincə, qalib bəlli olduqdan sonra əlavə partiya keçirməyin mənası yoxdur. Şahmatçı hesab edir ki, belə oyunlar reytinqə də təsir etməməlidir.
Qeyd edək ki, tərəflər noyabrın 18-də yarımfinalın ikinci oyun günündə daha 7 partiya keçirəcəklər.