Fransalı tennisçi Artur Rinderkneş dopinq testindən keçməkdən imtina etdiyinə görə dörd ilədək diskvalifikasiya ilə üzləşə bilər.
Sportify.az xəbər verir ki, bu barədə "L"Équipe" nəşri məlumat yayıb.
Hadisənin iyun ayında Bretaniyada baş verdiyi bildirilir. Mənbənin məlumatına görə, hazırda dünya reytinqində 57-ci yerdə qərarlaşan tennisçi qatarına gecikdiyi üçün dopinq testindən keçməyib. O, bu halın yarışa gəlməmək kimi qiymətləndiriləcəyini düşünüb.
Lakin idmançı test tələbi barədə məlumatlandırıldıqdan sonra yoxlamadan imtina etdiyi üçün bu hadisə qayda pozuntusu hesab oluna bilər. Nəticədə Rinderkneş dörd ilədək diskvalifikasiya cəzası ala bilər.
Nəşr əlavə edib ki, tennisçi ilə ingilisdilli dopinq nəzarəti əməkdaşı arasında yaranan anlaşılmazlıq vəziyyəti daha da mürəkkəbləşdirib. Belə ki, Rinderkneş imtinasını təsdiqləyən sənədə imza atarkən bunun mümkün nəticələrini tam anlamamış ola bilər.