"Borussiya Dortmund"un futbolçusu Joane Qadu "Arsenal"lə qarşılaşmada sərgilədiyi möhtəşəm oyunla diqqət mərkəzinə düşüb.
Sportify.az xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsində keçirilən və 1:1 hesabı ilə başa çatan görüşdən sonra Dortmund təmsilçisinin bir neçə futbolçusu 19 yaşlı müdafiəçinin çıxışını xüsusi qeyd edib.
Matçın 55-ci dəqiqəsində Qadu topu ələ keçirərək meydanın mərkəzindən inamlı reyd edib və Maksimilian Bayerin bərabərlik qoluna şərait yaradıb. Gənc müdafiəçi oyunun müdafiə fazasında da uğurlu çıxışı ilə seçilib, rəqib hücumçuların qarşısını dəfələrlə dəqiq müdaxilələrlə alıb.
Qolun müəllifi Maksimilian Bayer "Prime Video"ya açıqlamasında komanda yoldaşının çıxışını yüksək qiymətləndirib:
"Onun gücü inanılmazdır. Topla irəli hərəkət etməsi və bədənindən düzgün istifadə etməsi çox təsirlidir. Bunu həqiqətən yüksək səviyyədə bacardı".
“Dortmund”un qapıçısı Qreqor Kobel də Qadunun fərdi ustalığını xüsusi vurğulayıb:
"Qadunun möhtəşəm fərdi performansı nəticəsində qol vurduq".
Müdafiənin mərkəzində Qadu ilə birlikdə çıxış edən komandanın kapitanı Niko Şlotterbek də gənc futbolçunun oyunundan heyran qaldığını bildirib:
"Onun oyunu inanılmaz idi. İlk toxunuşu möhtəşəmdir, üstəlik, sürətlidir. Bunu onsuz da bilirik. Qadu ilə Bayerin qol epizodunda əla kombinasiya alındı".
Qeyd edək ki, futbolçu karyerasının ilk addımlarını PSJ-nin akademiyasında atan Joane Qadu ötən yay "Zalsburq"dan "Borussiya Dortmund"a transfer olunub. Almaniya klubu 19 yaşlı müdafiəçinin keçidi üçün 20 milyon avroya yaxın vəsait ödəyib.
Gənc futbolçu yeni komandasında qısa müddətdə özünü doğruldaraq baş məşqçi Niko Kovaçın əsas heyətində yer qazanıb. Qadu Dortmundun heyətində bütün turnirlər nəzərə alınmaqla 16 oyunda meydana çıxıb. O, yalnız Almaniya Kubokunun ilk mərhələsində HEBC Hamburqa qarşı keçirilən və 5:0 hesabı ilə başa çatan görüşdə iştirak etməyib.
"Arsenal"la heç-heçədən (1:1) sonra "Borussiya Dortmund" Çempionlar Liqasının turnir cədvəlində 7-ci pilləyə yüksəlib. İlk 8 yeri tutan komandalar birbaşa 1/8 finala vəsiqə qazanacaq. 9-24-cü yerləri tutan kollektivlər pley-off mərhələsində mübarizə aparacaq, 25-36-cı pillələrdə qərarlaşan komandalar isə turnirlə vidalaşacaq.