Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku yarışına start verilib.
Sportify.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (AGİN) və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) birgə təşkilatçılığı ilə keçirilən turnirdə Bakı ilə yanaşı, ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən 100-dən çox idmançı iştirak edir.
Açılış mərasimində çıxış edən ASTF-nin vitse-prezidenti Elmar İslam iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. O, ölkə kuboku yarışının əhəmiyyətindən danışıb və beynəlxalq arenaya gedən yolun məhz belə turnirlərdən başladığını vurğulayıb.
Mərasimdə Fransada keçirilən "Euro Mini Champs" turnirində qızıl medal qazanan Mehin Mirzəbalayevaya da yarışın mükafatları təqdim olunub.
Qeyd edək ki, "Şüa İdman Sağlamlıq Kompleksi"ndə təşkil olunan ölkə kubokunda U-14 və U-18 yaş qrupları üzrə qaliblər müəyyənləşəcək. Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçirilən yarışa noyabrın 26-da yekun vurulacaq.
Fərqlənən idmançılar AGİN-in diplom və medalları, eləcə də ASTF-nin mükafatları ilə təltif olunacaqlar.