PSJ-nin baş məşqçisi Luis Enrike cinah hücumçuları Xviça Kvaratsxeliya və Desire Duenin ağır zədələnməsinə baxmayaraq, klubun təcili transferlər etməyəcəyini bildirib. Hər iki futbolçunun böyük ehtimalla cari mövsümün qalan hissəsini buraxacağı gözlənilir.
"Bizim ağlayıb şikayət edəcəyimizi düşünürsünüz? Xeyr, komandamız belə işləmir. Bu, yüksək səviyyəli futboldur və zədələr baş verir. Son üç ildə komandamız inanılmaz dözümlülük nümayiş etdirib. Hər dəfə çətinliklərdən sonra ayağa qalxmağı bacarmışıq. İndi qarşımızda çətin vəzifə var. İnkişafı davam etdirmək üçün motivasiyamızı qorumalıyıq. Növbəti transfer pəncərəsində futbolçu almağa ehtiyacımız yoxdur. Cəmi altı aylıq müqavilə ilə oyunçu transfer etmək bizim üslubumuza uyğun deyil", – deyə Enrike ESPN-ə bildirib.
Xatırladaq ki, Kvaratsxeliya oktyabrın 20-də Çempionlar Liqasının əsas mərhələsində "Barselona" ilə keçirilən oyunda (4:2) dizindən zədə alıb. PSJ-nin bazar günü Fransa çempionatının 11-ci turunda "Nitsa" ilə matçında (3:2) Due də eyni aqibətlə üzləşib.