"Qarabağ"ı indidən siyahıdan silməyə çalışanlar, məncə, bir qədər tələsirlər.
Düzdür, Ağdam klubunda işlər yolunda getmir. Narahatlıq üçün ciddi əsaslar var. Nə nəticələr ürəkaçandır, nə də komandanın göstərdiyi oyun. Belə vəziyyətdə tənqidlərin səslənməsi, narazılıqların yaranması tamamilə normaldır.
Amma gələcəklə bağlı tamamilə bədbin danışmağın tərəfdarı deyiləm.
Bəzən burada bir amil unudulur - Qurban Qurbanov faktoru.
Bilirsiniz ki, "Qarabağ"ın oyun modeli məhz Qurban Qurbanovun təfəkkürü və futbol düşüncəsi əsasında formalaşan sistemdir.
Hazırda da təcrübəli mütəxəssis həmin sistemi yenidən qurmaqla, komandaya istədiyi futbolu aşılamaqla məşğuldur.
Xüsusilə "Kəpəz"lə oyundan sonra Qurban Qurbanova ünvanladığım iki sualın cavabında aldığım mesajlar məndə müəyyən nikbinlik yaratdı.
Şəxsən mən "Qarabağ"ın oyununda hər ötən matçda ciddi irəliləyiş görmürəm. Sanki iş getmir təəssüratı yaranır.
Ancaq Qurban Qurbanov işin mərkəzində olan şəxs kimi bunun əksini düşünür.
Onun sözlərinə görə, müsbətə doğru dəyişikliklər kifayət qədərdir. Yeni transferlərin komandaya qoşulduğu dövrlə indiki vəziyyət arasında ciddi fərq yaranıb.
Xüsusilə futbolçuların fiziki hazırlığında nəzərə çarpacaq inkişaf var. Hətta Qurban Qurbanov bu irəliləyişi 50 faizlə ifadə etdi.
Bu, çox vacib detaldır.
Hazırkı "Qarabağ"ın oyun modelində ən böyük çatışmazlıqlardan biri komandanın sürətli ola bilməməsidir.
Hücumlara istənilən sayda futbolçu ilə çoxalmaq, müdafiədən hücuma keçidlərdə tələb olunan tempi yaxalamaq mümkün olmur. Bütün bunların kökündə isə birmənalı şəkildə fiziki hazırlıq dayanır.
Deməli, geridə qalan dövrdə "Qarabağ"ı əvvəlki səviyyədə görə bilməməyimizin əsas səbəblərindən biri də məhz budur.
Qurban Qurbanov da bu məqama boş yerə xüsusi toxunmur.
Və bildirir ki, fiziki durum hər ötən gün yaxşılaşır.
Təcrübəli mütəxəssisin digər açıqlaması da diqqətimi çəkdi:
"Bir müddət ola bilər rəqiblərimizdə alınmasın, ancaq bizdə alınsın. O period da olacaq, inşallah".
Qurban Qurbanov gələcəklə bağlı bu cür iddialı danışan, proqnoz verməyi sevən məşqçi deyil. Əksinə, adətən ehtiyatlı açıqlamalara üstünlük verir.
Ona görə də bu cümləyə xüsusi diqqət yetirmək lazımdır. Açıq əminlik var. Bir müddət sonra hamımızın axtardığı "Qarabağ"ın meydana qayıdacağına çox inanır.
Deməli, bir qədər də səbirli olmaq və bu prosesin sonunu gözləmək lazımdır.
"Qarabağ"ı indidən silmək, mövsümün qalan hissəsi ilə bağlı ümidsiz danışmaq tezdir.
Ən geci qış fasiləsindən sonra hər kəsin görmək istədiyi "Qarabağ"ı yenidən izləyə bilərik.
Bəlkə də daha erkən...
XANOĞLAN/ SPORTİNFO.AZ