ABŞ-nin 2028-ci ildə futbol üzrə Amerika Kubokuna ev sahibliyi edəcəyi rəsmən təsdiqlənib.
İdman.Biz xəbər verir ki, Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) turnirin birgə təşkili barədə razılığa gəliblər.
49-cu dəfə təşkil olunacaq Amerika Kuboku 2028-ci il iyunun 9-dan iyulun 9-dək keçiriləcək. Turnirin təqvimində 25 oyun günü nəzərdə tutulub.
Yarışda CONMEBOL-a üzv olan 10 ölkənin milli komandası ilə yanaşı, CONCACAF-ın altı təmsilçisi iştirak edəcək.
Həmin altı komanda 2027-ci il iyunun 17-dən iyulun 11-dək keçiriləcək Qızıl Kubok turnirinin nəticələrinə əsasən müəyyənləşəcək.
Amerika Kubokuna ev sahibliyi edəcək şəhərlər, stadionlar və qarşılaşmaların təqvimi daha sonra açıqlanacaq.
Qeyd edək ki, 2016 və 2024-cü illərdə Amerika Kubokunu qəbul edən ABŞ üçün bu, üçüncü ev sahibliyi olacaq.