Kevin De Bröyne "Mançester Siti"nin maliyyə qaydalarını pozması ilə bağlı işə münasibət bildirib.
Xatırladaq ki, İngiltərə Premyer Liqası klubu irəli sürülən ittihamların demək olar ki, hamısı üzrə təqsirli bilinib.
"Mançester Siti" isə qərardan şikayət verərək apellyasiya müraciəti edib.
"Əlbəttə, son vaxtlar çox şey baş verir, amma mən heç nəyi dəyişə bilmərəm. Futbolçu kimi qazandıqlarımla fəxr edirəm, bu, mənim klubumdur.
Mən klubun sahiblərini sevirəm. Onlarla futbolla əlaqəsi olmayan bir çox məsələ barədə danışmışam. Hətta Xaldun Əl-Mübarəklə klub almaq barədə də söhbət etmişəm.
Təbii ki, həyatda qaydalar var. Amma deyərdim ki, hamı imkanlarının son həddində mübarizə aparır. Mənə gəlincə, meydanda öz işimi görmüşəm Düşünmürəm ki, bu hadisələr insanların mənim futbolçu kimi kimliyimə və ya bizim necə oynamağımıza dair fikirlərini dəyişəcək. Amma hər kəsin öz mövqeyi var", – deyə hazırda "Napoli"də çıxış edən belçikalı futbolçu Çempionlar Liqasında "Mançester Siti" ilə oyunöncəsi mətbuat konfransında bildirib.