İngiltərənin "Tottenhem" klubu gənc futbolçusu Luka Uilyams-Barnettlə müqaviləni yeniləyib.
Apasport.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
18 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə yeni uzunmüddətli müqavilə imzalanıb.
"Tottenhem"in akademiyasının yetirməsi olan futbolçu 10 yaşından klubun sistemində çıxış edir. O, son vaxtlar əsas komandada göstərdiyi performansla diqqət çəkib.
Uilyams-Barnett İngiltərə Premyer Liqasının "İpsviç"lə keçirilən son oyununda ilk dəfə start heyətində meydana çıxıb. Komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, gənc futbolçu ilə "Çelsi" və Dortmund "Borussiya"sının maraqlandığı bildirilirdi. Buna baxmayaraq, o, karyerasını "Tottenhem"də davam etdirməyə qərar verib.