Rusiyada şüvüllə tullanma üzrə ikiqat olimpiya çempionu Yelena İsinbayevanın xeyriyyə fondu ləğv edilib.
Futbolinfo.az xəbər verir ki, Volqoqradın Mərkəzi Rayon Məhkəməsi bu barədə qərarı noyabrın 24-də qəbul edib.
Rusiya Ədliyyə Nazirliyinin iddiasına əsasən, fond 2024, 2025 və 2026-cı illər üzrə maliyyə hesabatlarını təqdim etməyib, yoxlamalardan yayınıb və qeydiyyat ünvanı ilə bağlı tələbləri yerinə yetirməyib. 2013-cü ildə yaradılan fond sosial müəssisələrdə yaşayan uşaqlara və istedadlı gənc idmançılara dəstək göstərmək məqsədi daşıyırdı.
Qeyd edək ki, İsinbayevanın Rusiyadakı nüfuzu son illərdə ciddi şəkildə zədələnib. Ukraynada müharibə başlayandan sonra İspaniyaya köçən keçmiş atlet hərbi mayor rütbəsinin formal xarakter daşıdığını və Rusiya ordusunda xidmət etmədiyini açıqlamışdı. Bundan başqa, özünü "dünya vətəndaşı" adlandırması Rusiyada kəskin tənqidlərə səbəb olmuşdu. Onun Ukraynanın hərbi kəşfiyyatının "War & Sanctions" məlumat bazasına daxil edilməsi də son günlər müzakirələri yenidən alovlandırıb. Göründüyü kimi, Yelena hər iki ölkədə "persona-non-qrata" elan edilib.