"Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill bu mövsüm İngiltərə Premyer Liqasında çempionluq mübarizəsinin gərgin keçməyəcəyini düşünür.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, "Sabah"ın Çempionlar Liqasında rəqiblərindən olan "Arsenal"ın bu mübarizədə üstün olduğunu bildirib:
"Hazırda "ilk altılığ"a nəzər saldıqda aydın olur ki, "Arsenal" digərlərindən fərqlənir və çempionluğu qazanmaq yolunda heç bir çətinlik çəkməməlidir.
"Böyük altılıq"dakı və ya "böyük beşlik"dəki digər komandalara gəldikdə isə görəsən, onlar sonuncu dəfə nə vaxt bu qədər zəif çıxış edirdilər?
"Liverpul" əvvəlki oyunlarına nisbətən bir qədər yaxşı təsir bağışlasa da, "Çelsi" çətinlik çəkməyə davam edir, "Mançester Yunayted" çətin dövr yaşayır.
"Mançester Siti" isə hazırda Pep Qvardiolanın rəhbərliyi altında olduğu o qorxulu güc kimi görünmür. İndi ön plana başqa komandalar çıxır. Bu mövsüm turnir cədvəli olduqca qəribə görünür".
"Arsenal" Premyer Liqada 12 turdan sonra 28 xalla liderdir. "Brayton" və "Mançester Siti" isə 22 xalla 2-ci, 3-cü yerləri bölüşürlər. "Liverpul" 21 xalla 4-cü, "Bornmut" 18 xalla 5-ci, "Lids" isə 17 xalla 6-cı pillədə qərarlaşıb.
"Arsenal" yanvarın 27-də, Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində evdə "Sabah"la qarşılaşacaq.