"Zirə"nin futbolçusu Filipe Vieyranın futbolinfo.az saytına müsahibəsi
– Premyer Liqanın 12-ci turunda "İmişli" ilə matçda 2:2 hesablı bərabərliyə imza atdınız. Bu nəticədən razısan?
– Məncə, qələbəyə layiq idik. Oyuna nəzarət edirdik və daha çox qol vurmaq üçün imkanlarımız da oldu. Təəssüf ki, fürsətləri dəyərləndirə bilmədik.
– 2:0 hesablı üstünlüyü qoruya bilmədiniz. Bunun səbəbini nədə görürsən?
– İki penalti! İlk penaltidən sonra diqqətimizi itirdik, oyuna nəzarəti əldən verdik və rəqibin hesabı 2:2 etməsinə imkan yaratdıq.
– Komandanızın ümumi çıxışını necə dəyərləndirirsən?
– Düşünürəm ki, çox çətin meydanda yaxşı oyun nümayiş etdirdik. Ümumilikdə, komandamızın çıxışından razı qaldım. Hətta hesab 2:2 olduqdan sonra da yenidən önə keçmək üçün real qol imkanımız var idi.
– Səncə, "Zirə" hədəflərinə çata biləcək?
– Bəli, əlbəttə! Bu, sprint deyil, marafondur. Nə istədiyimizi bilirik və məqsədimizə çatmaq üçün mübarizə aparırıq.
– Baş məşqçiniz bildirdi ki, çempionatda ən çox qol epizodu yaradan komandalardasınız. Bəs, bunu niyə qola çevirə bilmirsiniz?
– Doğrudur, qapı qarşısında daha yaxşı olmalıyıq. Amma qol imkanları yaratmasaydıq, bu, məni daha çox narahat edərdi. Əminəm ki, tezliklə həmin fürsətləri qola çevirməyə başlayacağıq.
– Qarşıda lider "Neftçi" ilə oyuna var. Buna hazırsınız?
– Onların çox yaxşı komandası olduğunu və bu mövsüm heyətə böyük investisiya qoyduqlarını bilirik. Amma öz gücümüzə də inanırıq. Hər oyunda olduğu kimi, bu dəfə də meydana qələbə qazanmaq üçün çıxacağıq!
ABBAS