Azərbaycanın U-17 və U-19 milli komandaları Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxış edirlər. Hər iki yığmamız keçirdiyi ilk iki görüşdə böyük hesabla məğlub olub. Dörd qarşılaşmanın ümumi nəticəsi isə vəziyyətin ciddiliyini göstərir: iki vurulan və 22 buraxılan qol.
İdman.Biz xəbər verir ki, oyunların statistik göstəricilərinin təhlili komandalarımızın yalnız müdafiədə deyil, hücumların təşkili və təhlükəli vəziyyətlərin yaradılması baxımından da ciddi çətinliklərlə üzləşdiyini ortaya qoyur.
Xüsusilə U-19 millisinin Serbiyaya 0:4 hesabı ilə məğlub olduğu görüş diqqət çəkir. Qarşılaşmanın statistik məlumatlarına əsasən, Azərbaycan futbolçuları topa cəmi 25 faiz sahib olublar. Rəqib 23 dəfə qapımıza zərbə endirdiyi halda, yığmamızın aktivində yalnız iki zərbə qeydə alınıb. Üstəlik, onların heç biri qapı çərçivəsinə düşməyib.
Künc zərbələrində də ciddi fərq yaranıb. Serbiya 14 dəfə künc zərbəsi yerinə yetirdiyi halda, Azərbaycan bu imkandan yalnız iki dəfə yararlanıb. Rəqibin qapı çərçivəsinə doqquz zərbəsi qeydə alınıb.
Statistikaya görə, meydan sahibləri 40-cı dəqiqədə Dimitriye Şariçin penaltidən vurduğu qolla hesabı açıblar. İkinci hissədə isə David Milovanoviç 70-ci, Yovan Ostoyiç 73 və 79-cu dəqiqələrdə fərqlənərək hesabı 4:0-a çatdırıblar.
Maraqlıdır ki, U-19 millimizin Monteneqroya 2:7 hesabı ilə uduzduğu ilk qarşılaşmada vəziyyət müəyyən qədər fərqli olub. Azərbaycan topa 54 faiz sahib olsa da, rəqib daha çox təhlükəli vəziyyət yaradıb. Yığmamızın yeddi zərbəsinə qarşı Monteneqro 17 zərbə ilə cavab verib. Çərçivəyə düşən zərbələrin sayı isə müvafiq olaraq beş və 10 olub.
Beləliklə, topa daha çox sahib olmaq Azərbaycan millisini ağır məğlubiyyətdən xilas etməyib. Monteneqro ilk hissədə altı qol vuraraq fasiləyə qədər oyunun taleyini böyük ölçüdə həll edib.
U-17 millisinin göstəriciləri də narahatedicidir. Almaniyaya 0:7, Şimali İrlandiyaya isə 0:4 hesabı ilə uduzan komandamız iki görüşdə 11 qol buraxıb və hələ rəqib qapılarına yol tapa bilməyib.
Almaniya ilə qarşılaşmada hücum xəttinin fəaliyyətsizliyi daha qabarıq şəkildə üzə çıxıb. Statistikaya görə, Azərbaycan millisi 90 dəqiqə ərzində rəqib qapısına bir zərbə belə endirməyib. Bu, yalnız çərçivəyə düşən zərbələrin deyil, ümumilikdə bütün zərbələrin sayının sıfır olması deməkdir.
Şimali İrlandiya ilə görüşdə isə Azərbaycan millisi müəyyən hücum imkanları yaratmağı bacarıb. Rəqib ölkənin Futbol Assosiasiyasının rəsmi hesabatında yığmamızın iki təhlükəli epizodu xüsusi qeyd olunub.
Belə ki, ilk hissənin 30-cu dəqiqəsinə yaxın müdafiəçi Ruslan Quliyev rəqib qapısına zərbə endirib, lakin top hədəfdən bir qədər aralı keçib.
Fasiləyə yaxın isə Şimali İrlandiya təhlükəli vəziyyət yaradıb. Alfie Pollokun cərimə zərbəsindən sonra Adam Nelsonun qapıya göndərdiyi topu Azərbaycan millisinin kapitanı və qapıçısı Bilal Hacıyev dəf edib. Ardınca Paday O'Keynin zərbəsinin qarşısı müdafiəçilər tərəfindən alınıb.
Şimali İrlandiya futbolçuları ilk hissənin əvvəlində iki künc zərbəsi qazansalar da, onlardan yararlana bilməyiblər. Federasiyanın hesabatında ilk 45 dəqiqənin çoxsaylı qayda pozuntuları ilə müşayiət olunduğu, hər iki komandanın rəqibə cərimə zərbələri imkanı verdiyi bildirilir.
Fasilədən dərhal sonra Azərbaycan daha bir qol imkanı yaradıb. 47-ci dəqiqədə Yusif Quliyevin zərbəsini Şimali İrlandiya millisinin qapıçısı Kiaran Makkloski dəf edib. Bununla da yığmamız Almaniya ilə görüşdən fərqli olaraq, rəqib qapı çərçivəsinə ən azı bir dəqiq zərbə endirməyi bacarıb.
Lakin bu epizoddan sonra meydanda üstünlük əsasən Şimali İrlandiyanın tərəfinə keçib. Rəqib 52-ci dəqiqədə O'Keynin qolu ilə hesabı açıb.
İkinci hissənin davamında Şimali İrlandiya hücumlarının sayını artırıb. Meydana sonradan daxil olan Silian Marrey bir qol imkanından yararlana bilməyib, Finn Raylinin zərbəsi hədəfdən yayınıb, Marreyin növbəti cəhdi isə müdafiəçilər tərəfindən bloklanıb.
74-cü dəqiqədə Liyam Kellinin ötürməsini Noa Vo qolla tamamlayıb. Cəmi üç dəqiqə sonra həmin futbolçu ikinci dəfə fərqlənərək hesabı 3:0-a çatdırıb.
Şimali İrlandiya bununla kifayətlənməyib. O'Keyn əvvəlcə topu qapı dirəyinə vurub, 80-ci dəqiqədə isə özünün ikinci, komandasının dördüncü qolunu qeydə aldırıb.
Əlavə dəqiqələrdə Vo het-trik etmək imkanı qazansa da, Bilal Hacıyev onun zərbəsini dəf edib. Beləliklə, Azərbaycan millisinin qapıçısı ilk hissədə Nelsonun, oyunun sonlarında isə Vonun təhlükəli zərbələrinin qarşısını alıb.
Şimali İrlandiya Futbol Assosiasiyasının hesabatı Azərbaycanın ən azı iki zərbə endirdiyini, onlardan birinin qapıçı tərəfindən dəf olunduğunu təsdiqləyir.
U-17 millisinin iki oyununda buraxılan qolların hissələr üzrə bölgüsü də diqqət çəkir. Almaniya ilə görüşdə ilk hissədə iki, fasilədən sonra beş qol buraxan Azərbaycan millisi Şimali İrlandiyaya qarşı ilk 45 dəqiqəni qolsuz tamamlayıb, ikinci hissədə isə dörd dəfə mərkəzə dəvət olunub.
Nəticədə U-17 millimizin iki oyunda buraxdığı 11 qolun doqquzu ikinci hissələrə təsadüf edib. Bu isə qarşılaşmaların davamında müdafiənin dayanıqlığını qorumağın ciddi problem olduğunu göstərir.
Hər iki komandanın noyabrın 14-də keçirdiyi görüşlərdə daha bir ortaq məqam üzə çıxıb. Həmin gün buraxılan səkkiz qolun altısı 70-ci dəqiqə və sonrasında qeydə alınıb. Serbiya U-19 millimizə 70, 73 və 79-cu dəqiqələrdə, Şimali İrlandiya isə U-17 yığmamıza 74, 77 və 80-ci dəqiqələrdə qol vurub.
Bu göstəricilər komandalarımızın xüsusilə matçların son mərhələsində rəqib təzyiqinə tab gətirməkdə çətinlik çəkdiyini göstərir. Lakin bunun fiziki hazırlıq, taktiki intizam və ya psixoloji amillərlə bağlı olduğunu yalnız oyun statistikası əsasında müəyyənləşdirmək mümkün deyil.
Ümumilikdə, Azərbaycanın iki gənclər millisi dörd qarşılaşmada orta hesabla hər oyuna 5,5 qol buraxıb. U-17 millisi hələ qol vura bilmədiyi halda, U-19-un aktivində yalnız Monteneqro ilə qarşılaşmada vurulan iki qol var.
Qeyd edək ki, hər iki yığmamız seçmə mərhələdə son oyunlarını noyabrın 17-də keçirəcək. U-17 millisi Litva, U-19 isə Farer adaları ilə qarşılaşacaq.