UEFA-nın vitse-prezidenti Zbiqnev Bonek "Mançester Siti"nin sabiq baş məşqçisi Pep Qvardiolanın futbola gətirdiyi oyun üslubundan narazılığını ifadə edib.
İdman.Biz "Corriere dello Sport"a istinadən xəbər verir ki, Polşa futbolunun əfsanəsi ispaniyalı mütəxəssisin topa nəzarətə əsaslanan fəlsəfəsinin futbolun baxımlılığına mənfi təsir göstərdiyini düşünür.
Bonek Qvardiolaya hörmət etdiyini bildirsə də, onun oyun modelini bəyənmədiyini gizlətməyib:
"Qvardiolaya böyük hörmətim var, amma o, futbolu öldürüb. Onun futbolu belədir: sən mənə ötürürsən, mən sənə qaytarıram, sonra yenə eyni şey təkrarlanır. Sağ cinaha gedirik, ardınca sola qayıdırıq və matçın sonunda 1788 ötürmə etmiş oluruq. Bu, mənə zövq vermir".
UEFA rəsmisi daha çox hücuma yönələn və risk etməkdən çəkinməyən komandaların oyununa üstünlük verdiyini vurğulayıb:
"Mən şaquli futbol oynayan, daim qol vurmağa çalışan komandaları sevirəm. Məsələn, bu mövsüm "Latsio"nun oyununu bəyənirəm. Çünki onlar irəliyə oynayır və risk edirlər. "Frozinone" də belədir. Üç qol buraxmaq riski ilə üzləşirlər, amma əvəzində dörd-beş qol vura bilərlər".
Bonek "Roma"nın da oxşar fəlsəfəyə üstünlük verdiyini qeyd edərək müdafiəçilər Canluka Mançini və Mario Hermosonun tez-tez rəqibin cərimə meydançasında görünməsini nümunə göstərib.
Polşalı funksioner müasir futbolda sürətin həlledici əhəmiyyət daşıdığını bildirib:
"Mən mümkün qədər az ötürmə ilə, ən sadə yolla qol vurmağa çalışan futbolu sevirəm. Ötürmələr az, amma sürətli olmalıdır. Düşünürəm ki, müasir futbolda ləngliyə yer yoxdur. Artıq yavaş futbolçuların şansı qalmayıb. Topu geriyə ötürmək isə oyunu öldürür".